Accessibility links

Azərbaycanda faşizm üzərində Qələbə bayramıdır


Müharibədə 250 min azərbaycanlı həlak olub. Rus cəbhəsində 681 min, alman cəbhəsində isə 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.

Azərbaycanda faşizm üzərində qələbənin 67-ci ildönümü qeyd edilir. Qələbə gününə prezident İlham Əliyev Dağüstü parkda iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önünə əklil qoyub. O, mərasimdə iştirak edən İkinci Dünya Müharibəsi veteranlarını təbrik edib. Dövlət başçısının sərəncamı ilə müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım göstərilib. Bu məqsədlə Azərbaycan prezidentinin Ehtiyat Fondundan 7,5 mln. manat vəsait ayrılıb. Müharibə iştirakçısının hərbiriniə 500 manat məbləğində yardım verilib, digər kateqoriyalarından olan veteranların hər biri 200 manat məbləğində maddi yardım alıb. Bu dəfə prezidentin sərəncamının neçə veteranı əhatə etdiyi bildirilmir. Ötən ilki bayram ərəfəsində 3500 nəfər sağ qalmış müharibə veteranı və həyat yoldaşı cəbhədə vəfat etmiş 29 min dul qadın var idi.
Bu gün bütün ölkədə veteranlarla görüşlər keçirilir. Telekanallar müharibə haqqında həm sovet, həm də qərb filmləri nümayiş etdirir.

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3,4 milyonluq (1941) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub. 400 mindən çox əsgər və zabit döyüş orden və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, qəhrəmanlardan 44-ü etnik azərbaycanlılardır.

Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracçısı idi. Azərbaycan SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70%-dən çoxunu istehsal edib. Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar olub. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar döyüşərək Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər döyüş yolu keçib. Azərbaycanlılar arasında ilk dəfə qəhrəman adına 42-ci atıcı alayının tağım komandirinin köməkçisi, baş serjant İsrafil Məmmədov layiq görülüb. 35-ci tank briqadasının komandanı, qvardiyaçı general-mayor Həzi Aslanov iki dəfə qəhrəman adına layiq görülüb.

Əhali şəxsi vəsaitlərindən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub. Bu gün Azərbaycanda 5,5 minə yaxın Böyük Vətən Müharibəsi veteranı var. Onlar Azərbaycan Respublikası Veteranları Şurasında birləşib.

Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil dövlət yaranması uğrunda döyüşüb. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıb, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub. Qafqaz cəbhəsində 4.500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb, onlar özlərini ən yaxşı tərəfdən göstəriblər. Məsələn, 804-cü “Aslan” batalyonu bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş “xidmətlərinə” görə təltif edilməsi ilə fərqlənirdi. Həmçinin, “Berqman”, “Donmek” batalyonları da fərqlənib. 1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradılıb. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilib. Ümumilikdə almanların tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.

XS
SM
MD
LG