Accessibility links

Azərbaycan və Gürcüstan qazın daşınmasını və sərhədlərin delimitasiyasını müzakirə edib


Azərbaycan və Gürcüstan qazın daşınmasını və sərhədlərin delimitasiyasını müzakirə edib
Azərbaycan və Gürcüstan qazın daşınmasını və sərhədlərin delimitasiyasını müzakirə edib

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri siyasi və iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildiribş

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov və Qriqol Vaşadze danışıqlar aparıb.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Məmmədyarov bildirib ki, dünən Türkiyə ilə qazın tranziti ilə bağlı saziş imzalandıqdan sonra Azərbaycan qazının Gürcüstan ərazisi ilə daşınması məsələləri müzakirə edilib. “Biz həmçinin Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar apardıq. Danışıqların növbəti mərhələsi gələn ay Gürcüstanda keçiriləcək”.
Nazir Məmmədyarov iki dövlət arasında çox böyük və dərin əməkdaşlığın olduğunu deyib. “Siyasi və iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir”.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini tarixi hadisə kimi qiymətləndirib. “Bu Azərbaycan xalqının və diplomatiyasının qələbəsidir”.
O, görüşdə siyasi və iqtisadi məsələlərlə yanaşı, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Azərbaycan və Gürcüstan diplomatiyasının koordinasiya edilməsi ilə bağlı məsələlərin danışıqların mövzusu olduğunu bildirib.
Cənab Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərinin yekunlarının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlara hansı yenilik gətirə biləcəyi ilə bağlı Amerikanın Səsi radiosunun sualının cavabında bildirib ki, Azərbaycan daim Minsk qrupunun həmsədrlərinə münaqişə tərəfləri arasında etimad mühitinin yaranması üçün ilk öncə işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasının vacibliyi ilə bağlı mesaj verir. “Cəbhənin Azərbaycan tərəfində mülki əhali yaşayır, erməni snayperləri 11 yaşlı uşağı qətlə yetirib. Cəbhənin erməni tərəfi işğal edilmiş Azərbaycan torpaqlarıdır və orada mülki əhali yaşamır. Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılarsa snayperlər məsələsi də avtomatik olaraq həllini tapacaq”.
O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı məsələni bildir. “Amma, ilk öncə Ermənistan qoşunları çıxarılmalıdır. Biz başa düşürük ki, məsələnin həllinə tez bir zamanda nail olmaq çətindir. Minsk prosesi ona görə mövcuddur ki, problemin həllinə addım-addım çataq. Bu səbəbdən də təklif vermişik ki, razılaşdırılmamış prinsiplər qalmaq şərti ilə Böyük Sülh Sazişi üzərində işləri başlayaq. Təklifi ona görə irəli sürmüşük ki, vaxt baxımından gecikməyək. Biz istəyirik ki, Minsk prosesi üzərində işi başa davam etdirməklə paralel olaraq Böyük Sülh Sazişi üzərində də işləri aparaq”, - deyə o qeyd edib.
Cənab Vaşadze isə bildirib ki, istənilən danışıq prosesi qapalı qalmış münaqişədən yaxşıdır. Nazir Rusiyanın indiyədək Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı danışıqlardan imtina etməsini misal kimi göstərib. “Gürcüstanla Rusiya arasında 2009-cu ildən bəri Cenevrədə aparılan və hələ də nəticə verməyən danışıqlar buna bir nümunədir. Bu danışıqlar 2009-cu ildə hansı səviyyədə idisə, indi də o səviyyədədir. Rusiya özünü münaqişə tərəfi kimi tanıtmaqdan, atəşkəs haqqında sazişin maddələrini yerinə yetirməkdən, Gürcüstanda sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi və qaçqınların öz evlərinə qayıdışına şərait yaradılmasından qəti imtina edir. Lakin buna baxmayaraq, Gürcüstan Cenevrə formatını qorumaq üçün hər şeyi edəcək. Hesab edirəm ki, bu, Azərbaycanla Ermənistan arasında Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara da aiddir”.
Nazir Vaşadze bildirib ki, lazım gələrsə Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə və ya öz vasitəçiliyini təklif edə bilər: “Cənubi Qafqaz vahid bir orqanizmdir, onu parçalamaq olmaz. Hər üç müstəqil ölkə anlamalıdır ki, biz bir qayıqdayıq və bizim suverenliyimiz qırılmaz surətdə bir-birinə bağlıdır. Əgər nə vaxtsa Gürcüstanın iştirakı, vasitəçiliyi və ya hər hansı köməyi tələb olunarsa, biz hazırıq”.
Nazirin fikrincə, həll prosesinin əsasında beynəlxalq hüququn təməl prinsipləri dayanmalıdır.

“Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Qarabağ problemi ilə bağlı qurumda müzakirələr aparılmasına təsir edə bilərmi?” sualına cavabda isə Məmmədyarov deyib ki, “bu təşəbbüsü müzakirəyə çıxarmaq üçün əvvəlcə şuranın beş daimi üzvünün dəstəyi olmalıdır. Onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Bu məsələni beş daimi üzvlə müzakirə etməmişik, amma edəcəyik”.
Nazir bildirib ki, Azərbaycan BMT TŞ-yə iki dəfə sədrlik edəcək, bu gələn ilin may ayında və 2013-cü ilin sentyabrında olacaq: “Biz belə nüfuzlu bir yerdə sədr olmaq üçün hazırlıq görməliyik”.
Sərhədlərin delimitasiyasında yaranan çətinliklərlə bağlı sualın cavabında isə nazir Vaşadze bildirib ki, delimitasiya məsələsinin hələ həllini tapmaması ikitərəfli münasibətləri çətinləşdirmir. “İşlər davam edir”, - deyə o qeyd edib.

Bu gün Bakıda “Azərbaycan və Gürcüstan hökumətləri arasında məxfi məlumatların qarşılıqlı qorunması” haqqında saziş də imzalanıb.


XS
SM
MD
LG