Accessibility links

Azərbaycan İslam Partiyasının sədri terrorçuluğa hazırlıqda şübhəli bilinir


Azərbaycan İslam Partiyasının sədri terrorçuluğa hazırlıqda şübhəli bilinir
Azərbaycan İslam Partiyasının sədri terrorçuluğa hazırlıqda şübhəli bilinir

İslam Partiyasının sədri yanvarın 7-də həbs edilib

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsi ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir ki, ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və terror törədiləcəyi hədəsi ilə əlaqədar şübhəli qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama maddəsi ilə başlanılmış cinayət işi üzrə Respublika Prokurorluğunda istintaq aparılır.
Mətbuat xidmətləri bildirir ki, cinayətlərin xüsusilə ağır növlərindən olan terrorçuluq kimi ictimai təhlükəli əməlin qarşısının vaxtında alınması məqsədi ilə intensiv şəkildə davam etdirilən tədbirlərlə yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda da axtarış keçirilib. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd “Kalaşnikov” avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülüb.
Hazırda istintaq araşdırmaları və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, İslam partiyasının sədri bu il yanvarın 7-də saxlanıb. Onun barəsində iki ay həbs qəti imkan tədbiri seşilib.

Bu il yanvarın 2-də isə Mövsüm Səmədov İslam Partiyasının Baş Məclisinin iclasında məktəblərdə hicaba qadağa qoyulmasını tənqid edib. O, həmçinin hazırda iqtidarda olanları kəskin tənqid edib. Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. AİP liderinin çıxışı YouTube-da yerləşdirilib.

İslam Partiyası da lidetinin həbsi ilə bağlı bəyanatla çıxış edib. Sənəddə Mövsüm Səmədovun həbsi siyasi qiymətləndirilir. Partiya sədrin həbsinin iqtidarı tənqid etməsi ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG