Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun və partiyanın 6 üzvünün işi üzrə hazırlıq iclası davam edib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddəsi üzrə, o cümlədən hakimiyyəti devirmək cəhdində, qanunsuz silah saxlamaqda ittiham olunurlar.
Müttəhimlər kürsüsündə Mövsüm Səmədovdan başqa, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara təşkilatının sədri Rufulla Axundzadə, partiya fəalları Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov, Fəramiz Abbasov və Mikayıl Zülfüqar (ev dustağıdır) əyləşib.
Turan agentliyinin məlunatına görə, bu günki iclasda vəkillər həbs qəti imkan tədbirlərinin dəyişməsi barədə vəsatətlərlə çıxış edib. Dəyanət Səmədovun vəkili Həbib Pənahov müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ləğv olunmasını və bütünlükdə ona qarşı cinayət işinə xitam verilməsini tələb edib.
Firdovsi Məmmədrzayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinə qarşı Quba şəhərindəki “Ərdəbil” məscidində İranı təbliğ etməsi və Azərbaycanda dövlət çevrilişi hazırlaması ittihamlarının əsassız olduğunu bildirib. “Məmmədrzayev Qubada avtomobil dəmirçisi işləyir və onun siyasətlə heç bir əlaqəsi yoxdur. O sərbəst buraxılmalıdır”.
Dövlət ittihamçısı irəli sürülmüş vəsatətlərin əsassız olduğunu bildirib.
Məhkəmə partiyanın mənzil-qərargahından polis nəzarətinin götürülməsini və sübutlar siyahısının məhkəmədə açıqlanmasına dair vəsatətlərin baxılmamış saxlanılmasını qərara alıb. Digər vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı avqustun 4-nə təyin edib.
Xatırladaq ki, müttəhimlər CM-in 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Yanvarın 2-də Azərbaycan İslam Partiyasının Baş Məclisinin iclasında partiya lideri Mövsüm Səmədov məktəblərdə hicabın qadağan edilməsini kəskin tənqidə məruz qoyub və bunu Azərbaycan xalqının mənəviyyatına zərbə kimi qiymətləndirib. O, Məhəmməd Peyğəmbərdən sitat gətirərək, “din uğrunda candan keçmək lazım gəldiyini”, Azərbaycanda hazırda belə bir vəziyyət yarandığını deyib. O, Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. İslam Partiyası liderinin çıxışı YouTube-da yayılıb.
Sonradan Səmədov və partiyanın daha 9 fəalı həbs edilib. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmək cəhdi, mütəşəkkil cinayətkar qrup yaratmaq, qanunsuz silah saxlamaq ittihamlar irəli sürülüb.
Azərbaycan İslam Partiyası rəsmi dövlət qeydiyyatından keçməyib. Azərbaycan konstitusiyasına görə, din dövlətdən ayrıdır və dini yönümlü siyasi partiyalar təsis edilə bilməz.