Accessibility links

Azərbaycan parlamentindən Urmiyə gölünün qurumasına ciddi etirazlar


Azərbaycan parlamentindən Urmiyə gölünün qurumasına ciddi etirazlar
Azərbaycan parlamentindən Urmiyə gölünün qurumasına ciddi etirazlar

Deputatlar hesab edir ki, İran hökuməti gölün qurumasının qarşısını almaq əvəzinə azərbaycanlıları təqib edir

Bu gün Azərbaycan Milli Məclisin payız sessiyası açılıb. Sessiyanın ilk iclası Urmiyə gölünün quruması ilə bağlı İranda yaşayan azərbaycanlıların apardığı mübarizənin çoxsaylı deputat tərəfindən müdafiəsi ilə də yadda qala bilər.

Deputat Qənirə Paşayeva Urmiyə gölünə etiraz edən azərbaycanlıların İranda repressiyalara məruz qaldığını diqqətə çatdırıb. Deputatın sözlərinə görə, İranda yaşayan azərbaycanlılar gölün qurumasının qarşısının alınmasına kömək üçün bu ölkənin parlamentinə müraciət edib. “İran gölün qurumasının qarşısını almaq əvəzinə azərbaycanlıları təqib edir”.

Xanım Paşayeva İran parlamentini və beynəlxalq təşkilatları Urmiyə gölünün qurumasına etiraz edənlərin səsini eşitməyə çağırıb. “Orada Urmiya gölünün qurumasına bəsləməsinə etiraz edən azərbaycanlılar həbs edilir, səsini qaldıranların ailələrinə qarşı repressiyalar həyata keçirilir. Bu bizim milyonlarla insanımızın həyatına təsir edir. Dünyada elə bir dövlət yoxdur ki, əhalisinin yarıdan çoxu ana dilində təhsil ala bilməsin”.

“Media forum” saytının məlumatına görə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov və Ümid Partiyasının sədri İqbal Ağazadə də Güney Azərbaycanda, konkret Urmiyə gölü ətrafında yaranmış vəziyyətdən danışıb.

Cənab Ağamalı deyib ki, Urmiyə gölünün quruması regionda ekologiyanın pozulmasına təsir göstərəcək və Azərbaycan Respublikası bu təsiri daha çox hiss edəcək. Deputat bildirib ki, Azərbaycan parlamenti İran parlamentinə bu məsələ ilə bağlı fəallığı artırmağı təklif etməlidir. Eyni zamanda rəsmi Bakı bu məsələdə İrana köməyini təklif etməlidir.

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Urmiyə gölünün quruması ilə bağlı ayrıca bəyanat da qəbul edilə bilər: “Amma gərək orada yaşayan azərbaycanlılar da səslərini qaldırsınlar. Onlar da aktiv olmalıdırlar”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə vurğulayıb ki, İranda 35 milyon Azərbaycan türkünün haqları pozulur. Bakının bu məsələdəki sükutunun eynilə 1988-ci ildə azərbaycanlılar Ermənistandan köçürülən dövrdəki susqunluğa oxşadığını deyən cənab Ağazadə Urmiyə gölünün quruması məsələsində qəsd olduğunu, bunun göl ətrafındakı 14 milyon azərbaycanlının köçürülməsinə hesablandığını söyləyib. “Azərbaycan hökuməti buna göz yummamalı, kəskin etiraz bildirməlidir. Müvafiq qurumlar bununla bağlı öz mövqeyini sərt şəkildə açıqlamalıdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG