Amerika Müdafiə Departamenti və Azərbaycanın Dövlət Sərhəd Xidməti Azərbaycan ilə Amerika arasında Xəzər dənizinin Azərbaycan sektorunda qaçaq nüvə və radiasiya materiallarının aşkarlanması, qarşısının alınması və qadağan edilməsi üzrə Təhlükənin Birgə Azaldılması Proqramı çərçivəsində həyata keçirilmiş Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınmasına dair Proqramının yekunlaşması ilə əlaqədar Bakının Türkan qəsəbəsində tədbir keçirilib.
Tədbirdə iştirak edən ABŞ səfiri Metyu Brayza bu əməkdaşlığı alqışlayıb və qeyd edib ki, “proqram vasitəsilə əldə edilən nailiyyətlər həqiqətən təqdirə layiqdir. “Azərbaycan və Amerika nüvə silahlarının yayılmaması və təhlükəli dünyada təhlükəsizliyin təmin olunması işində qarşılıqlı öhdəliklərini nümayiş etdirmişlər”.
Bu unikal proqram çərçivəsində Amerika texniki təcrübə və təlimlər təşkil edib, Azərbaycan isə dənizdə praktiki missiyaları həyata keçirib. Proqram Azərbaycanda 2004-cü ildən başlayıb. Müdafiə Departamentinin rəsmiləri proqramı tam olaraq Dövlət Sərhəd Xidmətinə təhvil vermək üçün Azərbaycana səfər edib.
Dövlət Sərhəd Xidmətinin rəsmilərinin iştirak etdiyi tədbirdə ABŞ nümayəndə heyətinə Müdafiə Departamentinin Təhlükənin Azaldılması Agentliyinin icraçı direktoru Ronni Fearklos rəhbərlik edir. İştirakçılara müraciəti zamanı Fearklos qeyd edib ki, “Amerika dünyanın problemlərinə qarşı biganə deyildir. Bu gün regionda və dünyada Kütləvi Qırğın Silahlarının yayılmasının qarşısının alınması yolunda Azərbaycanla birgə öhdəliyimizi nümayiş etdirməkdən şərəf hissi duyuram. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır və arzu edirəm ki, Amerika ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə də davam etdirilsin.”