Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır.
Abxaziya regionu Gürcüstanın şimal-qərbində yerləşir. 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra müstəqilliyini elan etdiyini bəyan edib. Regionun müstəqilliyi yalnız Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatu tərəfindən tanınıb. Dünyanın digər dövlətləri və beynəlxalq təşkilatları, o cümlədən BMT, Avropa İttifaqı Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır.
2003-cü ildə Abxaziyanın təxminən 216 min əhalisi olub. Əhalinin 45.953 nəfərini meqreller (etnik gürcülər), 94.606 nəfərini abxazlar, 23.420 nəfərini ruslar, 44.870 nəfərini ermənilər, 1.486 nəfərini isə yunanlar təşkil edib.
Abxaziya regionunda seçkilər bu il avqustun 26-da keçirilib. Aleksandr Ankvab seçkilərdə 54.86 faiz səslə qalib gəlib.
Abxaziyada növbədənkənar seçkilər bu ilin mayında Sergey Baqapş vəfat etdikdən sonra elan olunub. Aleksandr Ankvab 2011-ci ilin mayından Sergey Baqapşın prezident səlahiyyətlərini yerinə yetiribə. O, Moskvaya yaxınlığı ilə tanınır.