Accessibility links

Azərbaycan ABŞ-a etiraz notası təqdim edib


Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək ona etiraz notası təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin dekabrın 9-da Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə kəskin etiraz bildirilir.

Notada qeyd edilir ki, birbaşa Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk Qrupunun həmsədrlik institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Bu kimi addımın kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə zidd olduğu da diqqətə çatdırılır.

Notada ABŞ ərazisində qondarma rejimin “təmsilçi”lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, əksinə onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.

Sənəddə həmçinin Ermənistan tərəfinin təxribat xarakterli addımlarına adekvat reaksiyanın göstərilməməsinin onun cəzasızlıq hissini daha da artırmasına, qanunsuz rejimin “təmsilçi”lərinə hər hansı bir vəzifədə və ya məqsədlə ABŞ-a daxil olmasına icazə verilməsinin isə Ermənistanın qeyri-konstruktiv mövqeyində qalmasına və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə rəvac verdiyi vurğulanır.

Notada ABŞ-ın beynəlxalq müstəvidə məsuliyyətli dövlət kimi beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsinə sadiq qalacağı, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimi tanımamaq siyasətini daha da gücləndirəcəyinə ümidvarlıq ifadə olunur.

Məlumatda deyilir ki, səfir Robert Sekuta Azərbaycanın narahatlıq və narazılığının ifadə olunduğu notanın Dövlət Departamentinə təqdim olunacağını bildirib.

Öz növbəsində, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA agentliyinə bildirib ki, Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə bağlı ABŞ-ın siyasəti dəyişməz olaraq qalır.

"Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik”, o qeyd edib.

C. Uorlik bildirib ki, münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır: “Bura Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Qeyd edilməlidir ki, ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır. Buraya Helsinki Yekun Aktı və güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri daxildir. Nə biz, nə də Ermənistan da daxil olmaqla, başqa bir ölkə Dağlıq Qarabağdakı rejimi tanımır. Bununla belə, ATƏT-in Minsk Qrupunun həmsədrləri etdiyi kimi, Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır", amerikalı həmsədr əlavə edib.

XS
SM
MD
LG