Master Chef Junior Amerikanın ən çox izlənən uşaq yarışmalarından biridir. Artıq 6 ildir ki, Fox kanalında yayımlanan verilişin əsas münsifi britaniyalı məşhur aşbaz Qordon Ramseydir. Yarışmanın builki sezonuna ilk dəfədir ki, azərbaycanlı iştirakçı qatılıb. 9 yaşlı Şənnen seçmələrdə 1000 uşağın içindən seçilib və yarışa qatılan 24 nəfərdən biri olub.
Şənnenin anası azərbaycanlı, atası isə banqladeşlidir. Beynəlxalq ailənin övladı olaraq Şənnen hər zaman evdə dadlı yeməklərin bişməsindən ilham alıb:
"7 yaşımda yemək hazırlamağa maraq saldım. Yemək bişirməyi ona görə sevirəm ki, mənə yeni şeylər öyrədir. Mətbəx də məktəb kimidir. Səhvlərindən nəticə çıxara bilirsən."
Şənnenin ustalıqla bişirməyə olan həvəsi anası İlahə xanımın Azərbaycandan uzaqda tez-tez milli yeməklər hazırlamasından gəlir:
"Azərbaycan yeməkləri hazırlamağı sevirəm. Həmişə mətbəxdə anamı görəndə yanına gəlirdim ki, mənə də göstərsin, necə bişirdiyini öyrətsin. Ən sevdiyim yeməklər isə xəngəl, düşbərə, kababdır", o deyib.
Master Chef Junior təcrübəsindən çox şey qazandığını söylədi:
"Neçə ildir ki, bu verilişi izləyirdim. Anam bir gün təklif etdi ki, bəlkə qatılım. Çox böyük həvəslə qatıldım. Los Ancelesdə olmağı çox sevdim, Hollivud inanılmaz gözəl idi. Böyüyəndə aktrisa olmaq istəyirəm, ona görə də indidən Holivudda verilişə çəkilmək mənim üçün əla fürsət oldu.“
Şənnen yemək bişirməkdən başqa boş vaxtlarında aktyorluq və rəqs dərsləri alır. Eləcə də, demək olar ki, hər yay böyük ailəsiylə Azərbaycana və ya Banqladeşə səyahət edir.