Bölgədəki hüquq müdafiəçilərinin dərc etdiyi xəbərə görə, Zəncandan olan müəllimə Kübra Cabbarinin ittihamlardan bəraət aldığı bildirilir.
Bundan əvvəl Azərbaycan İnsan Haqları Cəmiyyəti - Ərk bu müəllimənin “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə məhkəməyə çağırıldığını açıqlamışdı.
Keçən ilin noyabrında o, Zəncan İnqilab Məhkəməsinə çağırılıb, sosial media səhifəsində paylaşdığı məzmundan dolayı “sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşdu. Xanım Cabbarı, ittihamlar irəli sürüldükdən sonra müvəqqəti olaraq məhkəmənin son qərarına qədər zaminə buraxılmışdı.
HRA xəbər agentliyi bu barədə bildirib ki, Zəncan İnqilab Məhkəməsinin 2-ci şöbəsinin çıxardığı hökmdə müəlliməyə qarşı irəli sürülən ittihamdan bəraət qazandırılıb.
İran İslam Respublikasının kəşfiyyat qurumları ölkənin idarə olunması ilə bağlı tənqidi məzmunlu yazılar dərc edən ictimai və siyasi fəalları, habelə adi vətəndaşları “rejim əleyhinə təbliğat fəaliyyəti” və ya “rəsmiləri təhqir etmək” kimi ittihamlarla həbs edir. Məhkəmələr isə bir çox halda bu vətəndaşlara həbs, şallaq və pul cəzası verir.