Accessibility links

Azərbaycan və Türkiyə münasibətlərinin perspektivləri müzakirə olunub


The ball drops during the New Year's Eve celebration in Times Square, Dec. 31, 2017, in New York.
The ball drops during the New Year's Eve celebration in Times Square, Dec. 31, 2017, in New York.

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə baş naziri Əhməd Davudoğlu ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə ikii ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Əlaqələrin genişləndirilməsi baxımından səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdən sonra baş nazir Əhməd Davudoğlu və prezident İlham Əliyev birgə mətbuat konfransı keçirib.

“Çox şadam ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana edirsiniz. Bir daha seçkilərdə qələbə münasibəti ilə sizi Azərbaycan xalqı adından təbrik edirik”. APA agentliyinin məlumatına görə, bunu prezident Əliyev deyib.

Prezident bildirib ki, bu səfər iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

“Türkiyənin G-20 sammitinə Azərbaycanı dəvət etdiyiniz üçün sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. İki dövlət bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.

Əliyev hesab edir ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq.

Dövlət başçısı deyib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur.

“Dünyada Türkiyənin artan rolu bizi sevindirir və gücləndirir. Biz dost, qardaşıq və bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”.

İlham Əliyev və Əhməd Davudoğlu
İlham Əliyev və Əhməd Davudoğlu

Prezident deyib ki, Azərbaycan torpaqlarının 20 faizi ermənilərin işğalı altındadır, tarixi abidələr, şəhərlər dağıdılıb.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin həmin torpaqlardan qeyd-şərtsiz çıxması nəzərdə tutulsa, bu, kağız üzərində qalır.

“Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlini tapmalıdır. Uzun illərdir, Azərbaycan Ermənistanın işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız Ermənistanın işğalı altındadır”.

Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində dəstəyə görə bir daha Türkiyəyə təşəkkür edib.

Baş nazir Əhməd Davudoğlu deyib ki, hərbi müdafiə sənayesi sahəsində Türkiyənin Azərbaycanla ortaq fəaliyyəti davam edəcək.

O bildirib ki, ölkəsi Azərbaycanın müdafiə sənayesi qurmasına xüsusi önəm verir.

“Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır. Görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstəyini davam etdirəcək. Problemlər sərhədlərə qarşılıqlı hörmətlə həllini tapır. Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasından doğan çətinlikləri görürük”.

Prezident Əliyev bəyan edib ki, “TANAP Türkiyə və Azərbaycanın layihəsidir. Bu layihənin icrasında heç bir problem yoxdur.

O bildirib ki, TANAP layihəsi 2018-ci ildə, bəlkə də daha tez istifadəyə veriləcək.

“Bununla da Türkiyə və Avropa ölkələri yeni qaz mənbəyinə çıxış əldə edəcəklər. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bizim əsas ixrac yolumuz da Türkiyə və Türkiyə üzərindən digər Avropa ölkələridir”.

Ə. Davudoğlu isə Heydər Əliyevin Türkiyə və Azərbaycanı bir millət, iki dövlət, şair Bəxtiyar Vahabzadənin də bir atanın iki övladı adlandırdığını xatırladıb. O, Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib.

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycan prezidentini G20 sammitində iştirakı bizi qürurlandırdı. Görüşümüzdə TANAP layihəsinin 2018-ci ildə deyil, daha tez istismara verilməsi barədə razılığa gəldik, nazirlərə müvafiq tapşırıqlar verildi. Avropanın enerji təhlükəsizliyində Xəzərin resursları mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolu da Çindən Avropaya uzanan yolun onurğasını təşkil edir. Çinlə də bu mövzuda görüşlərimiz, müzakirələrimiz olub. Azərbaycan prezidentinin Çinə səfərində də bu məsələ müzakirə ediləcək. Biz Azərbaycanı, Bakını Asiyanın yüksələn ulduzu kimi görürük. Baş nazir kimi bəyan edirəm ki, qarşıdakı 4 ildə də Azərbaycan bayrağı haradadırsa, Türkiyə də orada olacaq".

Türkiyə baş naziri qeyd edib ki, iki ölkə ticarət dövriyyəsinin həcmini 5 milyard dollardan 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub.

Əhməd Davudoğlu görüşdə Suriyada baş verənlər və noyabrın 24-də təyyarənin vurulmasından sonra yaranmış vəziyyət barədə Azərbaycan prezidentinə məlumat verdiyini bildirib.

“Dostumuz və qonşumuz olan Rusiyanın baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməsini gözləyirik”, o qeyd edib.

İlham Əliyev və Əhməd Davudoğlu
İlham Əliyev və Əhməd Davudoğlu

Baş nazir deyib ki, Rusiya Türkiyənin sərhədlərini dəfələrlə pozub və bu barədə dünya ictimaiyyətinə məlumat verilib.

“Türkiyə sərhədləri bizim üçün müqəddəsdir. Digər tərəfdən, Suriya problemindən Türkiyə qədər təsir görən ölkə yoxdur. Türkiyədə 2 milyon suriyalı qaçqın var, qaçqın axınına görə indiyədək 8 milyard dollar xərclənib".

Ə.Davudoğlu bildirib ki, Türkiyənin Suriya torpaqlarında gözü yoxdur.

“Türkiyə Rusiya ilə hər bir məsələni müzakirə etməyə, eyni masa arxasında oturmağa hazırdır. Bu gün Türkiyə və Rusiya xarici işləri nazirləri Belqrada görüşəcəklər. Bizim üçün yeganə toxunulmaz məsələ sərhədlərimiz və suverenliyimizdir”, o qeyd edib.

Baş nazir xatırladıb ki, Türkiyə İran və Rusiyaya qarşı iqtisadi təcriddə iştirak etməyib.

“Ancaq bu gün Türkiyənin heç bir şəkildə günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqosuna təəccüb edirik”.

Ə.Davudoğlu emosiyaları daha da qızışdıran Rusiya prezidenti Vladimir Putinə də çağırış edib.

“İki qonşu ölkə olaraq masa ətrafında oturaraq problemlərin çözülməsinin tərəfdarıyıq. Türkiyəyə qarşı əsassız ittihamları isə qəbul etməyəcəyik. Türkiyə sərhədlərinin pozulmasına yönəlmiş heç bir addıma imkan verməyəcəyimizi də bir daha bəyan edirəm”.

XS
SM
MD
LG