Accessibility links

Azərbaycan və Türkiyə liderləri Dağlıq Qarabağ problemi, TANAP layihəsi, viza və ticarət dövriyyəsindən danışıb


Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası görülən işlərə qiymət verib, gələcək əməkdaşlığı müzakirə edib. Azərbaycanla-Türkiyə arasında hər hansı fikir ayrılığı yoxdur.

Sentyabrın 11-də Qəbələ şəhərində (Bakıdan 225 kilometr şimal-qərb) Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasından sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirib.

Tərəflər bildirib ki, şuranın iclasında görülən işlərə qiymət verilib, təhlillər aparılıb və gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında danışılıb. Azərbaycanla-Türkiyə arasında hər hansı fikir ayrılığı yoxdur.
“Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır”, - deyə prezident Əliyev bildirib.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə edib. “Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilib. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulub, tarixi ədalət pozulub. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər”, - Azərbaycan prezidenti deyib.

Müzakirələrdə ticarət dövriyyəsi və birgə enerji layihələri də diqqət mərkəzində olub.
“On il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəmizin bu gün 3,5 milyard dollara çatdığını, - ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar oldu, - əgər bunu bir az da səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə qısa bir dövr deyək – 2015-ci il üçün düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq”, - deyə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Transanadolu qaz kəmərinə (TANAP) gəlincə dövlət rəhbərləri bu layihənin yaxın beş ildə reallaşacağını deyib.
“Ümid edirəm ki, yaxın 5 ildə TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”, - İlham Əliyev bildirib. .

Tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının sürətlə davam etdirildiyini də diqqətə çatdırıb.
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sürətlə davam edir, bununla bərabər, bu gün bir çox detallar üzərində ətraflı dayandıq. Naxçıvan-İğdır arasında dəmir yolu çəkməklə Türkiyə və Azərbaycanı dəmir yolu ilə də birbaşa olaraq bir-birinə bağlamaq imkanını gətirəcək bir fəaliyyətin də addımlarını, inşallah, sürətlə atırıq. Hazırda artıq Naxçıvan ilə İğdır arasındakı əlaqə Türkiyə və Azərbaycan arasında çox mühüm bir prosesi də başlatmış vəziyyətdədir”, - Ərdoğan bildirib. .

Azərbaycan prezidenti Türkiyə vətəndaşlarının Azərbaycana vizasız girişinin mümkünlüyü ilə bağlı sualın cavabında Türkiyəyə bütün türkdilli ölkələr, o cümlədən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiyinə görə minnətdarlıq bildirib.
“O ki qaldı Azərbaycana, bu məsələ bu gün müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar - iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili proseduralarımız hələ tamamlanmayıb. Bu proseduralar tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq”, Azərbaycan prezidenti qeyd edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan suallara cavabda Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanla sərhəddin açılması məsələsi ilə bağlı Türkiyənin mövqeyini bir daha diqqətə gətirib.
“Başda ATƏT-in Minsk qrupu olmaqla məsələnin həlli yolları tapılmayınca, orada bir və ya iki rayonun məsələsi həll edilməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz. Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır”, baş nazir vurğulayıb.
XS
SM
MD
LG