"Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir".
Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.
Oktyabrın 27-də baş tutan iclasda Fərid Babayev qeyd edib ki, Azərbaycan 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini üstələyib.
"Bütün selektiv abortlar kriminal abortlardır. Bu cinayət məsuliyyəti müəyyən edir. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 37 faizindən artığının zorakılığa məruz qaldığını öyrənmişdik. Əfsuslar olsun ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq", o qeyd edib.
Bundan bir neçə gün öncə isə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022-ci il üzrə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” hesabatını Milli Məclisə təqdim edib. Hesabata əsasən, 2022-ci ildə ölkədə doğulan 122,846 nəfərdən 64,940-ı oğlan, 57,906-sı qızdır. Cinslər arasındakı fərq 7,034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.
2022-ci il ərzində qeydə alınan abortların sayı 31,747 təşkil edib, 2021-ci ildə bu rəqəm 46,877 olub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi narahatlıq yaradır.
“Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir. Lakin, əlbəttə ki, qarşımızda dayanan vəzifələr var. Bizi narahat edən məsələlərlə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib”, o qeyd edib.
Fərid Babayev həmçinin bildirib ki, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçəngin müalicəsi dövlət səviyyəsində aparılmır. O, Azərbaycanda ana ölümü əmsalının xeyli azalmasını böyük irəliləyiş kimi qiymətləndirib.
"Bugünkü günə bu əmsal 100 min diri doğuşlara 15 ana ölümü deməkdir. Lakin rəsmi statistikaya görə, abortların sayı yüksəkdir. Əgər 2008-2009-cu illərdə Azərbaycanda Milli Ailə Planlaması proqramı qəbul olunsaydı, onda 16,5 olan ana ölümü indi 9,8 ola bilərdi", o qeyd edib.
Forum