Bu gün ABŞ-da prezident seçkiləri keçirilir.
Uzun və ağır seçki kampaniyaları başa çatdı. Azərbaycanlı amerikalılar da seçkilərdə fəal iştirak edib.
Miçiqan ştatının Demokrat Partiyasının təşkilatçısı Xəyal Quliyev hissələrini Amerikanın Səsi ilə bölüşüb.
Nəticələri həyacanla gözləyən azərbaycanlılar seçkilərdə önəm verdikləri məsələrdən danışıb.
Virciniya sakini Mənsurə Məmmədova maraq göstərdiyi məsələlərin səhiyyə və təhsil olduğunu deyib. O, bir valideyn kimi bunların vacibliyini önə çəkib. Xanım Məmmədova Amerikada ilk dəfə seçkilərə qatıldığını və bununla bağlı həyacanlı olduğunu bildirib.
Mənsurə seçki prosesi və səsvermə ilə bağlı maarifəndirmə və namizədlər haqda lazimi informasiya əldə etdiyinə görə razılığını ifadə edib.
Merilend ştatından seçici Rəna Lətifova onu ən çox istisadi və təhlükəsizlik məsələrinin maraqlandırdığını deyib.
Dünyanın ən böyük demokratiyası olan Amerikada prezidentliyə layiq namizəd olmadığından da şikayətlənənlər olub.
Virciniya ştatından Kəmalə Hacıyeva Hillari Klintona dəstəklədiyi üçün deyil, Trampın zəfərinə mane olmaq naminə səs verdiyini deyib. O, hesab edir ki, Klinton seçilsə, bir neçə ay sonra xəstə olduğunu irəli sürərək, vitse-prezident Tim Keyni hakimiyyətə gətirəcək.
Digər bir ameriklı azərbaycanlı Kamran Məmmədov Trampın arenaya çıxışının gözlənilməz olduğunu, debatlarda hər ay xoşagəlməz hal yaşanacağından ehtiyat etdiyini bildirib.
Seçkilərdə xarici siyasətə önəm verdiyini vurğulayan seçici Trampın heç bir təcrübəyə malik olmadığını deyib.
Klinton seçkiləri “zəmanəmizin sınağı”, Tramp isə “müstəqillik günü” kimi qələmə verib.
Səsvermənin qalibi ABŞ-ın 45-ci prezidenti olaraq Barak Obamanı əvəzləyəcək. ABŞ Konstitutsiyası tərəfindən iki dönəmə məhdudlaşdırılmış prezident hakimiyyəti 20 yanvarda tərk edəcək.