Accessibility links

Azərbaycanda maaşlar, minimum əmək haqqı, infilyasiya, bahalaşma və müxtəlif baxışlar


Yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manatdan 300 manata, minimum maaşlar 20-40 faiz arasında qaldırılıb.

Bununla yanaşı, ötən il ərzində Tarif Şurası suyun, elektrik enerjisinin, qazın, o cümlədən digər xidmət və məhsulların qiymətlərini artırıb. Bu il yanvarın 1-dən dövlət rüsumları da iki dəfəyədək artırılıb.

Son günlər hökumət yönümlü yerli media dünya bazarında taxılın qiymətinin artması barədə davamlı təbliğat xarakterli məlumatlar yaymaqdadır. Müşahidəçilər, unun və un məmulatlarının, o cümlədən çörəyin qiymətinin qaldırılacağı ilə bağlı ehtimalların artdığını düşünür.

Minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqqının artımı 800 min nəfərə şamil olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Yerli medianın məlumatına görə, artıq Bakının bir çox ərzaq mağazalarında əhalinin əsasən sosial cəhətdən az təminatlı hissəsinin daha çox istifadə etdiyi "zavod" çörəyinin qiyməti 0,02 manat artıb.

“Satıcılar bahalanmanı unun qiymətinin artması ilə izah edir. Əvvəl 50 kiloqramlıq un kisəsi 25 manat idi, son günlər bu məhsulun qiyməti 6-9 manat artıb,” Turan İnformasiya Agentliyininməlumatında deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artıb.

Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

Azər Mehdiyev
Azər Mehdiyev

Azər Mehdiyev: Bir çox ərzaq məhsullarının qiymət artımı 50 faizdən çoxdur

İqtisadçı ekspert Azər Mehdiyev hesab edir ki, minimum əmək haqqının sosial rifaha təsiri çox mürəkkəb məsələdir.

“Ona görə ki, minimum əməkhaqqı yalnız əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin gəlirlərinə təsir göstərir. O da əsasən dövlət müəssisələrində çalışanların gəlirlərinə birbaşa təsir göstərsə də özəl şirkətlərdə əmək haqqının ən aşağı səviyyəsi olaraq təsir göstərir. Amma, bu, ölkədə bütün gəlirlərin səviyyəsinə təsir göstərən bir amil deyil. Minimum əməkhaqqının özü tələblərə nə dərəcədə cavab verir, bu da ölkədə zaman-zaman müzakirə mövzususdur.”

Ekspertin fikrincə, minimum əməkhaqlarında, sosial ödənişlərdə baş verən artımın nominal gəlirlərə təsirini bilmək üşün infilyasiya səviyyəsi ilə müqayisə edilməlidir.

Artımlara rəğmən əhalinin real gəlirlərində azalma baş verəcək.
Azər Mehdiyev, ekspert

“Azərbaycanda ötən il qiymət artımı səviyyəsi kifayət qədər yüksək olub. Hətta rəsmi elan olunan infilyasiya səviyyəsi ilin əvvəli ilə müqayisədə 10 faizi keçib. Bu il də infilyasiyanın artımı gözlənilir.”

Mehdiyev deyib ki, əhalinin geniş təbəqələrinin ən çox istifadə etdiyi ərzaq məhsullarında qiymət artımı daha yüksəkdir.

“Hətta, əhalinin ən çox istifadə etdiyi bir çox məhsullarda qiymət artımı 50 faizdən çoxdur. Bu baxımdan əmək haqlarının və sosial ödənişlərin artımının sosial rifaha ciddi təsir göstərəcəyini gözləmirik. Əksinə, hesab edirik ki, bu artımlara rəğmən əhalinin real gəlirlərində azalma baş verəcək,” o Amerikanın Səsinə müsahibəsində bildirib.

Bununla yanaşı, ekspert mövcud sosial durumun sosial etirazlara səbəb olacaq səviyədə olamdığını düşünür.

“Sosial etirazlara səbəb olacaq bir durum hələ görmürəm. Müəyyən hallarda fərdi narazılıq birldirmə halları ola bilər. Ancaq, hansısa kütləvi sosial etirazlara gətirib çıxaracağı hələ gözlənilən deyil. Vəziyyət o həddə deyil.”

Mehdiyev hesab edir ki, indiki infliyasiyanın xarakteri daha çox xərc infilyasiyası ilə bağlıdır.

“Yəni problem istehsalın, iş yerlərinin yetərli səviyyədə olmaması, rəqabətin olmaması ilə bağlıdır. Təbii ki, qısamüddətli səviyyədə çıxış yolu söyləmək çox çətindir. Hökumətin də maddi imkanları məhduddur. Hətta, hökumətin hansısa dəstək formasında yardımları göstərməsi də infilyasiya baxımından real gəlirlərə təsir etməyəcəyi potensialı yüksəkdir. Burada reallıq uzunmüddətli iqtisadi islahatların həyata keçirilməsidir,” o qeyd edib.

Pənah Hüseyn
Pənah Hüseyn

Keçmiş baş nazir: Aztəminatlı və çoxuşaqlı ailələrin sosial təminatı üçün əlavə tədbirlər görülməlidir

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn hesab edir ki, əhalinin sosial durumu pisləşməkdə davam edir.

“Burada gözə görünən ən başlıca cəhət idarə olunmayan bahalaşmadır. Təbii ki, minimum əmək haqqının və başqa sosial təminatların artırılması adekvat deyil və qiymət artımını tam şəkildə kompensasiya edə bilməz.”

Keçmiş baş nazirin qənaətincə, əmək haqları bir çox hallarada qara mühasibatlıq vasitəsi ilə verilir.

Ən başlıca cəhət idarə olunmayan bahalaşmadır.
Pənah Hüseyn, keçmiş baş nazir

“Ona görə də əmək haqlarının artırılması qara mühasibatlıq vasitəsi ilə əmək haqqı alanların sosial rifahına təsir etmir, hətta bu şəxslərin əmək haqlarının real dəyərinə mənfi təsir edir. Digər tərəfdən artan əmək haqları həm də tutulan vergilərin, sosial ödənişlərin artması deməkdir.”

Pənah Hüseyn qısamüdətli vəziyyətdən çıxış üçün hesab edir ki, aztəminatlı və çoxuşaqlı ailələrin sosial vəziyyətinin müəyyən bir həddə stabilləşdirilməsi və salxanılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.

“Azərbaycan hökumətinə çoxuşaqlı ailələrə uşaqpulu verilməsi təklif olunub. Qlobal ərzaq böhranı baş verir və ixrac olunan ərzaq məhsullarında idarə olunmayan bahalaşma baş verir. Əhalinin ən azı müəyyən kateqoriyası üçün qiymətləri artan zəruri ərzaq məhsulları fonunda, o cümlədən çörəyin qiymətı artacaqsa, bu fonda birbaşa kompensasiya modeli işlənib hazırlanmalıdır,” keçmiş baş nazir belə düşünr.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri: Azad olunmuş rayonlara ardıcıl piar səfərləri kütləvi bahalaşmanı kompensasiya edirmi?

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə qiymətlərin artırılmasını tənqidlə qarşılayıb.

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, hökumət piar kampaniyaları əvəzində əhalinin sosial vəziyyətinin yaxşılaşadırılması istiqamətində tədbirlər görməlidir.

“İlham Əliyevin azad olunmuş rayonlara ardıcıl piar səfərləri qiymət artımlarını, kütləvi bahalaşmanı kompensasiya edirmi? Qaz, işıq pulu verə bilməyən insanların evini qızdıra bilirmi? Ailəsini, uşaqlarını nə ilə doyuracağını bilməyən kasıb insanların qarnını doyururmu?

Həmin ardıcıl səfərlər işsizin, yoxsulun, pensiyası, müavinəti ləğv olunmuşların, veteran müavinəti 14 ay əlindən alınmış veteranın, digər çarəsiz insanların dərdinə çarə olurmu?” AXCP sədri bu sualalrına hökumətdən cavab tələb edir.

Həmin ardıcıl səfərlər işsizin, yoxsulun, pensiyası, müavinəti ləğv olunmuşların, veteran müavinəti 14 ay əlindən alınmış veteranın, digər çarəsiz insanların dərdinə çarə olurmu?
Əli Kərimli, AXCP sədri

Kərimli yazıb ki, son günlər sosial şəbəkələrdə çörək, un və un məmulatlarının qiymətinin artırılacağı haqda məlumatlar çox geniş yayılır.

AXCP sədri hesab edir ki, milyonlarla insan ölkədə arzuladığı, sağlam və faydalı yeməkləri yeyə bilmir, aclıqlarını çörək və digər un məmulatları ilə birtəhər yola verir.

“Hakimiyyət anlamalıdır ki, çörək və unun qiyməti çox ciddi sosial-siyasi məsələdir. Büdcədən bir az az oğurlayın! Ofşor hesablara az pul daşıyın! Londonda az mülk alın! Kölgə iqtisadiyyatını da vergi və gömrüyə cəlb edin! Rüşvəti dayandırın, azad rəqabətə imkan yaradın! Korrupsiya məqsədli lazımsız tikintiləri dayandırın. Hansısa tədbir görün, ancaq xalqımızı heç olmasa, çörəklə sınağa çəkməyin!” o bildirir.

Bununla yanaşı, rəsmi qurumlardar və Milli Məclisin bır sıra iqtidar partiyasının üzvü olan deputatlarından bahalaşma ilə bağlı şərh almaq cəhdimiz baş tutmayıb.

İlham Əliyev
İlham Əliyev

İlham Əliyev: Aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir

Prezident İlham Əliyev dekabrın 31-də xalqa müraciətində deyib ki, Azərbaycan artıq postböhran dövrünə qədəm qoyub.

“Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb.

Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır.
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti

Yəni, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Baxın, vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun hamısı və artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda, azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıbdır,” dövlət başçısı qeyd edib.

Mərkəzi Bank
Mərkəzi Bank

Mərkəzi Bank: İnflyasiya prosesləri ilin birinci rübündən başlayaraq stabilləşəcək

Azərbaycan Mərkəzi Bankı ötən ilin sonlarında bildirib ki, inflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

“Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1.9% yüksəlib, illik ərzaq inflyasiyası 14.9% təşkil edir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olub. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0.5%, son 1 ildə 7.1% yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4.8% olub.

Xidmətlər noyabrda 1.6%, son 1 ildə 9.1% bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5.4% təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir."

Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1.9% yüksəlib, illik ərzaq inflyasiyası 14.9% təşkil edir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olub.
Mərkəzi Bank

Mərkəzi Bank Dünya Bankının məlumatlarına istinadən billdirir ki, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir.

“İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21.4% yüksəlib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olub. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyi gözlənilir.

Yenilənmiş proqnozlara görə isə cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.”

Mərkəzi Bank hesab edir ki, baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Bununla yanaşı, müstəqil ekspertlər illik infilyasiyanın rəsmi statistikadan daha çox olduğunu bildirir.

XS
SM
MD
LG