İyunun 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı, müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, nazirlər bu il fevralın 22-də imzalanmış Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında sazişin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Bir sıra regional və beynəlxalq mövzularda, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə fikir mübadiləsi aparılıb. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli sazişlər çərçivəsində Rusiyanın vasitəçilik rolunun vacibliyi vurğulanıb.
Sergey Lavrovun bu il iyunun 23-24-də Bakıya gözlənilən işgüzar səfəri zamanı bu məsələlərin əsaslı müzakirəsinin davam etdirilməsi razılaşdırılıb.