Accessibility links

Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin artdığı bildirilir


Asılmış gəlinciklər
Asılmış gəlinciklər

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb".

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-i məişət zorakılığı, 129-u işlə təmin olunma, 123-ü müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”, komitə sədri bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda yeni sığınacaqlar yaradılması üzrə iş gedir.

“Hazırda ölkədə 5 fəal sığınacaq var. Əlbəttə ki, onun imkanları mövcud ehtiyaca uyğun deyil. Regional sığınacaqların olması vacibdir və yaxın zamanda fəaliyyətə başlaması gözlənilir”, Muradova bildirib.

Bundan əlavə o qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə üçün mobil tətbiq yaradıla bilər.

Bahar Muradovanın sözlərinə görə, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib.

"Hələ ki, məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur. Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görüləcək", o qeyd edib.

Komitə sədri həmçinin məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji testin keçirilməsinin vacib olduğunu bildirib.

“Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”, Dövlət Komitəsinin sədri vurğulayıb.

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadınlara qarşı cinayətlərin sayının ildən-ilə artdığını qeyd edir. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçirib. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə qadın qətlləri artmaqda davam edəcək.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Amerikanın Səsinə müsahibəsində bildirib ki, məət zəminində zorakılıqlar son zamanlar çoxalıb.

Onun fikrincə, ölkədə məişət zorakılığını döğuran əsas faktorlar bunlardır, - dini, sosial-psixoloji ənənələr, ənənələrdən doğan zorakılıqlar, psixoloji zorakılıq, narkotik təsiri altında zorakılıq, alkoqol təsiri altında zorakılıq, şübhələr əsasında zorakılq, sosial şəbəkənin təsiri altında zorakılıq, sosial rolların dəyişməsinə görə zorakılıq (bəzən qadınların aktivliyi kişinin zəif görünməsinə səbəb olur), və başqa. Bunlardan sosial-psixoloji faktorlar üstünlük təşkil edir və ailə modelində çatlara, etibarsızlığa səbəb olur.

Zeynalova hesab edir ki, məişət zorakılığının azaldılması üçün xidmət paketləri çoxaldılmalıdır.

"Qanunvericlikdə yenidən təkmilləşdirmə aparılmalıdır. Burada rolların bir-birini qısnamasının səbəblərinin qarşısı alınmalıdır. Cinslər hörmətə layiq olmalıdır. Cinslərin bir-birnin hüququna hörmətlə yanaşması üçün maarifləndirmə işləri gücləndirilməlidir. Bunların hamısı üçün müasir ailə modelinə uyğun bir yol xəritəsi hazırlanmalıdır", o qeyd edib.

Azərbaycan Baş Prokurorluğu isə bildirib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildən qüvvədədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG