Fevralın 21-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını elan edib.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.
Siyahıya 126 nəfər daxil edilib.
Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir ki, siyahının tərtibçiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müəyyən etdiyi "siyasi məhbus" anlayışı meyarlarından çıxış ediblər.
Əvvəlki siyahı 10 dekabr 2021-ci ildə açıqlanıb və orada 122 nəfərin adı olub.
Elşən Həsənov Amerikanın Səsinə deyib ki, siyahıya yeni əlavə olunanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cəfər Mirzəyev və Almaniyada fəaliyyət göstərən "Demokratik Azərbaycanı seç!" siyasi mühacir təşkilatının üzvü Pünhan Kərimlidir.
Bundan əlavə, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri, böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmiş Əli Əliyev yeni siyasi məhbus olaraq tanınır.
İttifaq daha bir siyasi məhbus kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyevi tanıyıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub.
Hüquq müdafiəçilərinin məlumatına görə, onu İnternetdə sosial şəbəkələrdəki yazılarına görə təqib edirlər.
Siyahıda siyasi məhbuslar 6 qrupa bölünüb:
1-ci qrup: jurnalistlər və bloqerlər -5 nəfər
2-ci qrup: müxalifət partiyalarının və hərəkatların üzvləri -12 nəfər
3-ci qrup: dindarlar -21 nəfər
4-cü qrup: Tərtər işi üzrə mühakimə olunanlar -27 nəfər
5-cü qrup: Gəncə işi üzrə mühakimə olunanlar - 47 nəfər
6-cü qrup: Ömürlük mühakimə olunanlar - 14 nəfər.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını, insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı ölkədə fundamental azadlıqların tam təmin edildiyini bəyan edir.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.