İyunun 10-da "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Bu, “Formula 1" yarışının Bakıda keçirilən 6-cı Qran-prisidir.
Pandemiya səbəbindən 3 illik fasilədən sonra tamaşaçılar ilk dəfə Qran-prini tribunalardan izləyə biləcək.
İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.
Bakı halqasında 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.
Ardınca əsas yarış hesab olunan "Formula 1"də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, "Formula 1"in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.
"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur.
Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub.
"Formula 1" yarışlarının Bakıda keçirilməsi bir çox yerli sakinlər tərəfindən tənqidlərə səbəb olub. Yarışların paytaxt Bakının mərkəzi küçələrində keçirilməsi şəhər yollarında avtomobil tıxaclarına səbəb olub. Mərkəzdə bir sıra əsas küçələrdə hərəkətin məhdudlaşdırılması da narazılıqla qarşılanıb. Digər cəhətdən bir sıra insanlar yarışların büdcəsi ilə bağlı narahatlığını bildirir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də iyunun 1-da paytaxt sakinlərinə müraciət edib.
“Paytaxt sakinlərindən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi yarış ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamalarını xahiş edirik,” müraciətdə qeyd edilir.