Accessibility links

Azərbaycan Elbilimi Dərnəyinin yeni nəşri: Qadın və Folklor



Təbrizdə fəaliyyət göstərən “Azərbaycan Elbilimi Dərnəyi” aylıq dərgisinin yeni nömrəsini qadın mövzusuna həsr edərək, güneyli qadınların yazılarından ibarət olan “Qadın və Folklor” adlı 128 səhifəlik türkcə-farsca məqalələr toplusu nəşr edib.

Tanınmış şair və yazar Nigar Xiyavinin baş redaktorluğu ilə hazırlanan məqalələr toplusunda Susən N. Rəzi, Fəranək Fərid, Əkrəm Xeyrxah, Rüqəyyə Kəbiri, Ulduz Sadiq, Günəş Əmani və Sepidə Əkbərpuran kimi yazar, şair və qadın fəalların “Azərbaycan qadınlarının adət və ənənələri”, “qadın rəqsləri”, “dilin qadınları alçaldan ifadələrdən arındırılması zərurəti” kimi mövzularda yazıları, habelə hekayələr və xatirələr dərc edilib.

2006-cı ildən bəri Təbrizdə fəaliyyət göstərməyə başlayan və 2009-cu ildə rəsmi qeydiyyatdan keçən “Azərbaycan Elbilimi Dərnəyi” dil və folklor ədəbiyyatına dair konfranslar və kurslar təşkil etmək, arxiv yaratmaq, folklor və dialektologiya sahələrində araşdırmalar aparmaq kimi işlərlə yanaşı, aylıq dərgi və kitablar nəşr edir, habelə Təbriz radio-telviziyası ilə əməkdaşlıq aparır.
“İranda yaşayan türklərin dialektologiya və folklorunun öyrənilməsi istiqamətində iş aparan “Azərbaycan Elbilimi Dərnəyi”(qısaca Elbilimi) ölkədə mövcüd olan ilk ve tək belə dərnəkdir ”- deyə qurumun veb səhifəsində qeyd edilir.
XS
SM
MD
LG