Accessibility links

Azərbaycan beynəlxalq korrupsiya indeksində 180 ölkə arasında 128-ci yeri bölüşür


Corruption Perceptions İndex
Corruption Perceptions İndex

Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatı yanvarın 25-də 2021-ci il üçün illik hesabtını dərc edib. Hesabatda 180 ölkənin dövlət sektorunda əhali tərəfindən korrupsiyanın dərk edilməsi səviyyəsi təqdim edilib.

Azərbaycan korrupsiya indeksində digər yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb (30 bal). Ölkə Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalında yer alıb. 2018-ci il istisna olub, həmin il korrupsiya səviyyəsi 25 bala düşüb.

Postsovet ölkələrinə Türkmənistan liderlik edir - 169-cu yer (13 bal). 150-ci yerdə Tacikistan yer alıb (25 bal). 144-cü yeri Qırğızıstan (27 bal), 140-cı yeri Özbəkistan (28 bal) tutur. Ukrayna 122-ci (32 bal), Moldova 105-ci (36 bal), Qazaxıstan 102-ci (37 bal) yerdədir. Belarus 82-ci (41 bal), Ermənistan 58-ci (49 bal), Gürcüstan 45-ci (55 bal), Latviya 36-cı (59 bal), Litva 34-cü (61 bal), Estoniya 13-cü (74 bal) yerdə bərqərar olub.

Beləliklə, Gürcüstan və Baltika ölkələri 50 ballıq həddi keçiblər.

Transparency İnternational ekspertləri 2021-ci ildə əhalisinin dərk etdiyi korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkələrin Danimarka, Yeni Zelandiya və Finlandiya olduğu qənaətinə gəlib. Onlardan hər biri 88 bal yığıb. Onların ardınca Sinqapur, İsveç və Norveç gəlir (85). Daha sonra İsveçrə (84), Niderland (82) və Lüksemburq (81) gəlir. Onun ardınca 80 balla 9-cu yerdən 10-cu yerə keçən Almaniya gəlir.

Siyahının ən sonunda isə Cənubi Sudan (11 balla 180-ci yer), hər biri 13 balla 179-cu yerdə Somali və 178-ci yerdə Suriya yerləşib.

Korrupsiyanı Qavrama İndeksi (Corruption Perception Index) 1995-ci ildən etibarən hər il ekspertlər və işgüzar dairələr arasında aparılan sorğuların nəticələri əsasında tərtib edilir.

Sorğular müstəqil təşkilatlar tərəfindən aparılır. Bu məlumat əsasında dünya ölkələri 0 baldan 100 bala qədər cədvəl üzrə sıralanır. 0 korrupsiyanın ən yüksək səviyyədə dərk edildiyini, 100 isə ən az dərk edildiyini göstərir. Transparency İnternational-ın hesabatına görə, tədqiq edilən ölkələrin üçdə ikisi "ölkənin tamamilə təmiz olduğunu" göstərən 50 ballıq minimal balı yığa bilməyib və onların korrupsiya sahəsində ciddi problemləri var.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

“Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub,” Kamran Əliyev qeyd edib.

Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bu günlərdə bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.

“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.

Bununla yanaşı, 2021-ci ildə beynəlxalq jurnalist araşdırmalarında Azərbaycanın yüksək vəzifəlıi şəxslərinin xarici ölkələrdə dəyəri yüz minlərlə dollar hesablanan əmlakları barədə məlumatlar dərc edilib. Azərbaycan müxalifəti bu məlumatların araşdırılıb hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət etsə də hələ ictimaiyyətə araşdırılmaların aparılıb-aparılmaması barədə məlumat verilməyib.

Belə ki, yalnız Pandora Sənədlərində Azərbaycan iqtidarının və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyi iddia olunur.

İdarəetmə məsələləri üzrə ekspert Bəxtiyar Hacıyev Amerikanın Səsinə bildirib ki, o və bir neçə siyasi partiya hüquq-mühafizə orqanlarına Pandora sənədlərinə hüquqi qiymət verilməsi ilə bağlı müraciət edib, lakin hələ bir nəticə yoxdur.

Azərbaycan prezidenti 2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nı təsdiq edib. Amma Nazirlər Kabineti indiyədək vəzifəli şəxslərin bəyannamə formasını hazırlamayıb.

Ekspert hesab edir ki, məmurların gəlirləri, əmlakları barədə bəyannamə verməməsi korrupsiyanın inkişaf üçün çox ciddi yol açır.

Müstəqil ekspertlər və siyasi partiya rəhbəri vəziyyətdən çıxış üçün korrupsiyaya qarşı sistemli mübarizənin lazımlılığını, demokratik seçkilərin keçirilməsini, azad məhkəmə və medianın olmasını, müstəqil vətəndaş cəmiyyətinin rolunu vacib sayır.

Hüquq müdafiəçisi, keçmiş prokuror Rüfət Səfərov deyir ki, Azərbaycandakı “hazırkı kleptokratik sistem uzun illər ərzində mövcuddursa, korrupsiya və rüşvətxorluğa borcludur”.

“Dövlət idarəetmə orqanları, korrupsiya ilə mübarizə aparmalı olan təsisatlar üzərlərinə düşən vəzifələri nəinki dürüst qaydada icra edir, əksinə hökumət strukturlarında rüşvət meylləri adi haldır,” o qeyd edib.

Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxslər rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.

XS
SM
MD
LG