"Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi AZALJET 28 mart 2016-cı il tarixindən etibarən uçuşlar yerinə yetirməyə başlayacaq. Məlumatı aviaşirkətin mətbuat xidməti yayıb.
AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə və uçuş müddəti 3,5 saata qədər olan reyslər yerinə yetiriləcək. Bu istiqamətlərə Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.
AZALJET-in reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mümkün olacaq. Bu tariflər üzrə aviabiletləri 28 mart tarixindən etibarən əldə etmək mümkün olacaq.
AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayacaq. Bu məbləğə bütün vergi və yığımlar daxildir.
Şirkət bəyan edir ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur.
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı əldə etmək mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Aviaşirkətdə əlavə ediblər ki, “Azərbaycan Hava Yolları” özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.