Accessibility links

AZAL biletləri ucuzlaşdırır


Azal-ın təyyarəsi
Azal-ın təyyarəsi

Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən bütün beynəlxalq istiqamətlər üzrə bütün reyslərində mövcud ekonom-klass tariflərinin 20-30% endirildiyini elan edib. Xüsusən, AZAL-ın ən çox tələbat olan marşrutlarında bu, özünü aşağıdakı kimi göstərib:

-Bakı-Moskva-Bakı – 406 avrodan 321 avroya qədər (85 avro və ya 21% ucuzlaşma);

- Bakı-İstanbul-Bakı – 277 avrodan 219 avroya qədər (58 avro və ya 21% ucuzlaşma);

- Bakı-Dubay-Bakı – 272 avrodan 216 avroya qədər (56 avro və ya 21% ucuzlaşma).

Aviabilet qiymətlərinin ucuzlaşmasından sonra Bakı-Roma-Bakı reysində endirim 112 avro (22%), Bakı-Lvov-Bakı reysində 141 avro (30%), Bakı-Pekin-Bakı reysində 116 avro (23%), Bakı-Nyu-York-Bakı reysində 158 avro (21%) və s. təşkil edəcək.

Aşağı qiymətlə satılan biletlərin sayı biznes-klassdan başqa oturacaq yerlərinin ümumi sayının ən az 30%-nə bərabər olacaq. Təyyarənin növündən asılı olaraq belə yerlərin sayı 32-dən 61-ə qədər təşkil edə bilər, xəbəri AZAL-ın mətbuat xidməti yayıb.

Bundan başqa, AZAL ən çox tələbat olan marşrutlarda aşağı büdcəli (loukost) uçuşlar təcrübəsinə başlayır: Bakı-Antalya-Bakı (həftədə 3 dəfə, bu ilin avqustundan etibarən), Bakı-İstanbul-Bakı (gündə 1 reys, bu ilin sentyabrından başlayaraq), Bakı-Moskva-Bakı (gündə 2 dəfə, bu ilin oktyabrından başlayaraq) və Bakı-Dubay-Bakı (gündə 1 dəfə, bu ilin oktyabrından etibarən).

Uçuşlar Embraer təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonunda bütün yerlər eyni dərəcədə rahatdır.

Bu reyslərdə aiabiletlərin qiyməti (vergilər daxil olmaqla) sabit olacaq və tək gediş 99 avro təşkil edəcək. Bu o deməkdir ki, sərnişin 99 avro ödəyərək, sözügedən istiqamətlərdə əl baqajı ilə uçuş haqqı qazanır. Hər baqaj yerinə görə sərnişinlər bir müddət əvvəl elan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.

Bütün AZAL reyslərinə biletləri aviaşirkətin saytında (www.azal.az) onlayn rejimdə bron etmək və almaq olar. Bu, sərnişinlərin yerlərin mövcudluğu, tariflər haqqında ətraflı məlumat almasına, habelə agentlərə komissiya vergisi ödəmədən daha aşağı qiymətə bilet almasına imkan verəcək.

Macarıstanın Wizz Air şirkətinə gəlincə, ona bu ildən müntəzəm reysləri bərpa etməsi üçün 3 il müddətinə xüsusi imtiyazlı şərtlər təklif olunub. Hazırda Macarıstan tərəfin cavabı gözlənilir.

XS
SM
MD
LG