Accessibility links

Azad Rəhimov: Azərbaycan 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb


Azad Rəhimov: Azərbaycan 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
Azad Rəhimov: Azərbaycan 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Mətbuat konfransında idman, gənclər siyasəti, beynəlxalq yarışlar, olimpiya lisenziyaları, Eurovision 2012 mahnı müsabiqəsinə hazırlıq, ipoteka kreditləri, tələbə kartları və digər məsələlərdən danışışılıb.

Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında idman, gənclər siyasəti, beynəlxalq yarışlar, olimpiya lisenziyaları, Eurovision 2012 mahnı müsabiqəsinə hazırlıq, ipoteka kreditləri, tələbə kartları və digər məsələlərdən danışıb.
Cənab Rəhimov 2020-ci il Yay Olimpiya Oyunlarının Azərbaycanda keçiriləcəyinə ümid edir. “Azərbaycan artıq namizədliyini irəli sürüb. Hazırlıq işləri ilə bağlı təşkilat komitəsi yaradılıb. Biz olimpiya oyunlarına ev sahibliyi etmək üçün işlərimizi davam etdiririk. Bütün idman qurğularını olimpiya idman qurğuları standartlarına uyğun tikirik. Hazırda Əzizbəyov stadionunun yaxınlığında 65 minlik futbol stadionun tikintisi davam etdirilir. Bayraq meydanında Eurovision mahnı müsabiqəsinin keçirilməsi üçün 25 minlik Kristal Sarayının inşası başlanıb. Prezident İlham Əliyev yeni Velotrek kompleksi tikintisi üçün sahə ayrılması barədə göstəriş verib”.
Onun sözlərinə görə, bu il olimpiya idman növləri üzrə 4 milyon 610 manat vəsait xərclənib. “İdmançılar Olimpiya idman növləri üzrə 150-dən çox beynəlxalq yarışda iştirak edib. Ölkədə il ərzində 28 beynəlxalq yarış keçirilib”.
Nazirin fikrincə, əgər Pekin olimpiadasında Azərbaycanın 44 lisenziyası var idisə, London olimpiada oyunları üçün 48-50 lisenziyanın olacağı gözlənilir. “London olimpiadasında medalların sayının da Pekin olimpiadasından çox olacağını gözləyirik”.
Azad Rəhimov Bakıda keçiriləcək beynəlxalq yarışlardan da danışıb. “Bu ilin sonunadək boks üzrə dünya çempionatı, lisenziya xalları üzrə Cüdo üzrə dünya kuboku, və 2012-ci il sentyabrın 22-dən oktyabrın 13-dək FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycanda keçiriləcək”.
Nazir indiyədək tikilmiş, tikilməkdə olan və gələcəkdə tikiləcək idman və gənclərlə bağlı obyektlər barədə də məlumat verib. “İndiyədək 31 Olimpiya İdman Kompleksi (OİK) tikilib, 9-u isə hazırda tikilməkdədir. 3 OİK-in isə tikintisinin smeta sənədləri hazırlanır. Bundan əlavə, 12 idman obyektinin tikintisi, bərpası və təmiri yerinə yetirilib. Bakı şəhərində Gənclər Mərkəzinin, Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında gənclər mərkəzlərinin smeta sənədləri hazırlanır. Binəqədi rayonunun Xocahəsən kəndində stadion yenidən qurulacaq, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda Gənclər Evi inşa ediləcək. Bakı şəhərində Hovuz kompleksi (metronun Əzizbəyov stansiyasının yaxınlığında), Respublika İdman Tibb Mərkəzinin smeta sənədləri hazırlanır. Bakı Gimnastika Kompleksinin tikintisi davam edir. Hazırda isə Tofiq Bəhramov adına stadionun əsaslı təmiri və yenidən qurulması üçün 10 milyon manat ayrılıb, işlər davam edir. Stadionun işıqlandırılması sistemi başa çatıb”.
Nazir gənclər siyasətindən danışarkən bildirib ki, 2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramının icrasına başlanıb. “Əgər, 2005-2009-cu il proqramının icrasına cəmi 8 milyon 374 min 285 manat ayrılmışdısa, 2011-2013-cü illər proqramına 80 milyon manat ayrılıb”.
O, eyni zamanda ölkədə 200-dən çox gənclər qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini deyib. “Nazirlik gənclər təşkilatlarının 67 layihəsinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 1 milyon manat və 160 min 544 avro maliyyə vəsaiti ayırıb”.
Nazir yeni dövlət proqramında gənclərə 4 faizlə ipoteka kreditinin ayrılmasının nəzərdə tutulduğunu da deyib. “Sosial ipoteka 35 min məbləğində 15 il müddətində qaytarılmaq şərti ilə veriləcək. Ancaq, biz istəyirik ki, ayrılan kredit bir və ya iki otaqlı mənzillərin orta bazar qiymətlərinə uyğun olsun. Eyni zamanda ayrılan kreditin həcmi böyük olsun”.
Cənab Rəhimov Amerikanın Səsi radiosunun ölkədə gənclərin işsizlik səviyyəsi, orta aylıq gəlirləri ilə bağlı sualının cavabında deyib ki, əhalinin 31 faizi 14-29 yaşındadır. “Qeyri-rəsmi məlumatlara görə, 35 yaşadək gənc ailələrin 20 faizinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı var. Gənclərin orta aylıq əmək haqqı 200-300 manat, işsizlik səviyyəsi isə 7-8 faiz təşkil edir”.
Son zamanlar beynəlxalq təşkilatların da tənqidi ilə qarşılaşan gənclərin həbsi ilə bağlı Amerikanın Səsinin sualının cavabında isə nazir deyib ki, Azərbaycanda insanlar siyasi fəaliyyətə görə həbs edilmir. “Həbs edilən gənclərin demək olar ki, hamısına qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarları var. Dövlət vaxtaşırı həbsdə olan insanların, eyni zamanda gənclərin həbsdən vaxtından əvvəl azad edilməsi məsələlərinə baxır. Konkret hallarda gənclərin, o cümlədən Bəxtiyar Hacıyevin həbsdən azad edilməsi üçün məhkəmələrə müraciət edilməlidir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG