Accessibility links

Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun! - şüarı altında forum keçirilib


Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun! - şüarı altında forum keçirilib
Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun! - şüarı altında forum keçirilib

Forumda müxalifətdə olan siyasi partiya rəhbərləri, redaktorlar, hüquq müdafiəçiləri iştirak edib. Natiqlər indiyədək jurnalistlərə qarşı törədilən cinayətlərin açılmadığını bildirib. Azərbaycan Prezident Administrasiyasının rəsmisi isə hakimiyyətin azad mətbuatın qarantı olduğunu deyir.

Azərbaycan Demokrat Partiyasının qərargahında “Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun!” şüarı altında forum keçirilib. Forumda müxalifətdə olan siyasi partiya rəhbərləri, redaktorlar, hüquq müdafiəçiləri iştirak edib.

İlk öncə, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin oğurlanaraq döyülməsi diqqət mərkəzində olub. Belə ki, Seymur Həzini martın 26-da 6 nəfər naməlum maskalı şəxs oğurlayaraq döyüb. “Mənin oğurlanaraq döyülməyim bundan öncə jurnalistlərə qarşı edilən cinayətlərin davamıdır. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı edilən cinayətləri araşdırıb, cinayətkarları tapıb cəzalandırmalıdır”, - deyə Seymur Həzi bildirib.

Vəkil Anar Qasımov Seymur Həziyə qarşı edilən zorakılıqla, Eynulla Fətullayev Penitensiar Xidmətin mühafizə olunan avtomobilində aparılarkən ona qarşı edilən zorakılıq arasında paralellər olduğunu deyib. “Fətullayevi aparan mühafizə olunan avtomobilə də maskalı və rus dilində danışan şəxslər heç bir maneə rast gəlmədən daxil olub, iki saatadək onun başını ayaqları altında saxlayıb və bununla bağlı hər hansı araşdırma aparılmır”.

Vəkil eyni zamanda, Eynulla Fətullayevin həyatına cəzaçəkmə müəssisəsində təhlükə olduğunu bildirib. “Jurnalist artıq bir aydır, öz razılığı ilə qaydanı pozmuş dustaqlar üçün nəzərdə tutulmuş xüsusi kameraya yerləşdirilib. Bu kamerada məhbusun bir aydan çox saxlanması qanunla qadağandır. Ümumi koloniyada isə jurnalistin həyatına təhlükə var. Jurnalist həyatına təhlükə olmayan həbsxanaya köçürülməlidir”.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu jurnalistlərin fiziki təzyiqlərə məruz qalmasında hakimiyyəti günahlandırıb. Onun dediyinə görə, siyasi partiya rəhbərlərinə qarşı olan fiziki təzyiqlər belə, araşdırılmır. “Hətta, mənə qarşı edilən fiziki zorakılığın araşdırılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı yerinə yetirilmir. Hansı ki, zorakılığı törədən insanların adları istintaqa bəllidir ”.

Turan Agentliyinin direktoru Mehman Əliyev mətbuatın mövcud durumunu acınacaqlı adlandırıb. “Hazırkı zamanda yalnız iki qəzet, - Yeni Müsavat və Azadlıq qəzetləri özünü maliyyələşdirə bilir. Media bazarında vəziyyət acınacaqlıdır”.

AXCP sədri Əli Kərimli hesab edir ki, medianı 1998-ci ilədək senzura yolu ilə, 1998-2005-ci illərdə iqtisadi təsir və ədalətsiz məhkəmə qərarları yolu ilə, 2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra isə jurnalistlərə qarşı açıq zorakılıq yolu ilə Azərbaycan hakimiyyəti medianı təsirində saxlamağa çalışır. “İndiyədək jurnalistlərə qarşı törədilən cinayətlərin heç biri açılmayıb. Çünki, bu cinayətlər mərkəzləşmiş qaydada azad sözü susdurmağa yönəlib. Hakimiyyət Azərbaycan jurnalistlərinin sıralarını seyrəltsə də azad sözü susdura bilməyib. Çünki az da olsa cəsur jurnalistlər var və xalq onları müdafiə edir. Azad mətbuat bu gün ölkədə həlledici sözə malikdir. Bundan sonra isə hakimiyyətin azad sözü susdurması mümkün deyil. Çünki yeni gənclik mübarizəyə yeni silah olan İnternetlə qoşulub”.

Beynəlxalq təşkilatlar da Azərbaycanda azad medianı müdafiə etməkdə davam edir. Bu gün mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar və Nyu-Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi Azadlıq qəzetinin şərhçisi Seymur Həzinin oğurlanaraq döyülməsini pisləyib. Hər iki təşkilat Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıqlara son qoymağa çağırıb. “Hakimiyyət bu hadisələri araşdırmalı və günahkarları cəzalandırmalıdır”, - deyə təşkilatların bəyanatlarında vurğulanır.

Öz növbəsində, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA Agentliyinə bildirib ki, Azərbaycan hakimiyyəti azad mətbuatın qarantıdır, mətbuat, söz azadlığı, siyasi plüralizm dövlətin həyata keçirdiyi siyasətin əsas mahiyyətini təşkil edir. “Azərbaycan prezidenti İlham Əliyev bütün prezidentliyi dövründə sübut edib ki, Azərbaycanda azad medianın, kütləvi informasiya vasitələrinin inkişafında maraqlıdır. Bunun üçün dövlət tərəfindən bütün lazımi dəstək göstərilir”.

O Azadlıq qəzetinin şərhçisi Seymur Həziyə qarşı baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin araşdırma apardığını deyib. “Martın 28-də Mətbuat Şurası ilə birlikdə xüsusi qrup yaradılıb, araşdırma gedir. Əgər, belə hadisə olubsa və bu, məhz həmin şəxsin jurnalistika fəaliyyətinə görə törədilibsə, mütləq şəkildə günahkarlar tapılacaq və cəzasını alacaq. Amma, təəssüflər olsun ki, son zamanlar Azərbaycanda belə imitasiyalara, təsdiqini tapmayan hallara da rast gəlinib. Məlum olduğu kimi, Azərbaycanda son zamanlar bəzi müxalifət dairələri istənilən hadisədən maksimum şəkildə istifadə edərək, Azərbaycan hakimiyyəti əleyhinə bu və ya digər kampaniyalar aparır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG