Accessibility links

Azərbaycanda zərərlə işləyən bankların sayı çoxalır


mərkəzi bank
mərkəzi bank

Rəsmi açıqlamalara görə, Azərbaycan bankları 2021-ci ilin yanvar-iyul aylarında 408.9 milyon manat xalis mənfəət əldə etsə də, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz azalıb. Lakin mənfəət əldə edən banklarla yanaşı, zərərlə işləyənlər də mövcuddur.

Yeddi oldular...

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ilin birinci rübünü iki bank zərərlə başa vurmuşdusa, ikinci rübdə bu rəqəm yeddiyə yüksəlib.
Ötən ili isə cəmi üç bank zərərlə başa vurmuşdu. Hərçənd, dörd bank öhdəliklərini yerinə yetirə bilməmələri səbəb göstərilərək bağlandı.
Bu il də zərərlə işləyən və öhdəliklərini yerinə yetirə bilməyən banklardan bəziləri bağlana bilərmi?

"Əmanətçilər narahat olurlar"

Suala, hələlik, Azərbaycan Mərkəzi Bankından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, əgər Mərkəzi Bank bankların gəlirlərinin azalması ilə bağlı məlumat verirsə, həmin bankların adlarını da deməlidir: "Çünki həmin banklarda insanların əmanətləri var və əmanətçilər narahat olurlar".

Deputat qeyd edib ki, bankların gəlirlərinin azalması ola bilər: "Bu, müəyyən qədər pandemiya ilə əlaqədardır. Amma müəyyən canlanma da olacaq, çünki Qarabağda çox böyük tikinti işləri həyata keçirilir".

O, həmçinin bəzi banklarının bağlanmasını da istisna etməyib: "Hansı banklar mənfəətlə işləyə bilmirlər, onları müəyyənləşdirmək lazımdır. Bankın gəliri yoxdursa, o, necə işləyə bilər? Əlbəttə ki, müəyyən müddət sonra belə bankların bağlanma riski var".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə AzadlıqRadiosuna bildirib ki, dünyanı bürüyən koronavirus pandemiyası şəraitində nəinki Azərbaycanda, istənilən ölkədə banklarda ciddi problemlər yaranır: "İqtisadi aktivliyi düşdüyü üçün bank müştəriləri öz öhdəliklərini vaxtlı-vaxtında və tam şəkildə icra edə bilmirlər".

"Səbəblərdən biri problemli kreditlərin artmasıdır"

Ekspertin sözlərinə görə, Azərbaycanda bankların zərərlə işləməsinin əsas səbəblərdən biri problemli kreditlərin artmasıdır: "Bank bir qisim vətəndaşlardan əmanət cəlb edir, sahibkarların pulunu cəlb edir və bu pulun hesabına başqalarına kredit verir. Bu kredit isə vaxtlı-vaxtında və ya tam şəkildə qayıtmayanda bank öz öhdəliklərini yerinə yetirə bilmir və zərərə düşür. Bu, bankların xalis zərəridir".

Əkrəm Həsənov deyir ki, banklarda bir çox hallarda bu xalis zərər hələ yoxdur: "Çünki bank qanunvericiliyinə görə, əgər bank verdiyi krediti vaxtında geri ala bilmirsə, bu kredit üzrə ehtiyat yaratmalıdır. Yəni, öz pulundan əlavə fond yaradır və ora vəsait qoyur, kredit qayıtmayanda isə bu pul həmin fonddan götürülür. Bu da bankın xərclərini ikiqat artırır. Lakin bank bu krediti hansısa yolla tam və yaxud qismən geri ala bilsə, zərər azalacaq. Ona görə də zərər ya tam, ya da müvəqqəti olur".

O vurğulayıb kı, 2019-cu ildə zərərlə işləyən bankların siyahısı açıqlanıb, sonra isə dörd bank bağlanıb, lakin həmin bağlanan bankların arasında bu siyahıya düşməyən də olub: "Ola bilsin, elə bank var ki, nəinki zərərlə işləyir, artıq müflisdir, amma adıçəkilən bankların siyahısında yoxdur. Çünki, təəssüf ki, bizim banklarımız öz maliyyə göstəricilərini olduğu kimi vermirlər. Amma biz onu da nəzərə almalıyıq ki, zaman-zaman zərərlə işləyən bankların adları açıqlanır, amma onların bir çoxu hələ də fəaliyyət göstərir. Elə banklar da var ki, ekspertlər onların bağlanmasını çoxdan proqnozlaşdırıb".

Məsələ ilə bağlı, hələlik, zərərlə işləyən banklarla da danışmaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə baş verən iki devalvasiyadan sonra bank sektorunda böhran yaşandığı açıqlandı. Nəticədə 10-dan çox bankın öhdəliklərini yerinə yetirə bilməmələri izahı ilə lisenziyaları ləğv edildi. Ötən il də Azərbaycanda daha dörd bankın eyni izahla lisenziyası ləğv olundu. Hazırda Azərbaycanda 25 bankın qaldığı bildirilir.

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği isə bu il avqustun 1-nə 937.5 milyon manat təşkil edib. Problemli kreditlərin ilin əvvəlinə nisbətən 5 faiz artdığı deyilir.

XS
SM
MD
LG