Accessibility links

Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb


Nazirlər Kabineti Azərbaycan ərazisində xüsusi karantin rejiminin iyulun 1-dək uzadılması barədə qərar verib. Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət də iyulun 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

“Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadılıb,” Operativ Qərargahın məlumatında qeyd edilir.

Qərargah bildirir ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iylun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Xüsusi karantin rejiminin qaydalarına görə, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir. Sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

“Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir”, Operativ Qəraragh qeyd edir.

Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanmış, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

XS
SM
MD
LG