Accessibility links

Azərbaycanda Siyasi Repressiya Qurbanları Muzeyi açılıb


Siyasi Repressiya Qurbanları Muzeyi
Siyasi Repressiya Qurbanları Muzeyi

Muzey keçmiş SSRİ-nin repressiv orqanlarının fəaliyyət göstərdiyi binada yerləşir

Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin aparat binasında Siyasi Repressiya Qurbanları Muzeyinin açılışı olub.

Muzey Azərbaycan sərhəd mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində yaradılıb.

Siyasi Repressiya Qurbanları Muzeyi
Siyasi Repressiya Qurbanları Muzeyi

Mərasimdə Prezident Administrasiyasının yüksək vəzifəli məmurları, güc qurumlarının, digər hökumət qurumlarının rəhbərləri, parlamentin deputatları, yaradıcı ictimaiyyətin və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib ki, muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920-1950-ci illərdə SSRİ-nin on minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir.

Hazırda Dövlət Sərhəd Xidmətinin yerləşdiyi binada 1925-ci ildən dövlətin əsas repressiv orqanları fəaliyyət göstərirdi. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər var idi.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Stalin repressiyasının qurbanları
Stalin repressiyasının qurbanları

Muzeyin əsas zalında "Danışan sənədlər" stendində 1920-1930-cu illərdə qəbul edilmiş, repressiyaların dəlili olan sənədlərin surətləri yerləşdirilib.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi yer ayrılıb. Müvafiq stenddə yerləşdirilmiş sənədlər SSRİ-nin xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsini dəstəkləyən siyasətini, habelə Ermənistandakı azərbaycanlıların vəziyyətinə lazımi diqqətin olmadığını, sonradan azərbaycanlıların doğma yurdlarından deportasiyasını nümayiş etdirir. Elə buradaca almanların və İran vətəndaşı olan Azərbaycanlıların Azərbaycandan köçürülməsinə dəlalət edən sənədlərin surətləri yerləşdirilib.

Siyasi Repressiya Qurbanları Muzeyi
Siyasi Repressiya Qurbanları Muzeyi

Repressiya illərində bolşeviklərin siyasi məhbuslara qarşı davranışı və münasibəti mənzərəsinin canlandırılması üçün muzeydə saxlama kameraları, karserlər, dindirmə və güllələmə otaqları bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbs edilənlərin etirazı və azadlıq arzularını təmsil edən kompozisiyalar yaradılıb.

Dövlət Sərhəd Xidməti siyasi repressiya qurbanlarının nəvələrini və nəticələrini, yaxın qohumlarını muzeyin fəaliyyətinə kömək üçün əməkdaşlığa dəvət edir, həmçinin muzey fondlarının zənginləşdirilməsinə şərait yaradan istənilən təşəbbüsü alqışlayır.

Keçmiş SSRİ-də təxminən 14 milyon insan 1929-cu ildən 1953-cü ilə qədər əmək düşərgələrində olub. 6-7 milyondan çox insan,SSRİ-nin uzaq ərazilərinə sürgün olunub.

Tarixi məlumatlara görə, 1953-cü ilin əvvəlində məhbusların ümumi sayı2.4 milyondan çox idi.Bunların 465.000 nəfəri, siyasi məhbus olub.

Siyasi Repressiya Qurbanları Muzeyi
Siyasi Repressiya Qurbanları Muzeyi

Sovet arxiv məlumatına əsasən, 1.053,829 insan 1934-1953-cü illərdə əmək düşərgələrindəölüb.Amma 1919-1934-cü illər dövrünə aid arxiv məlumatları mövsud deyil.Bəzi müstəqil hesablamalara görə, 1929-1953-cü illərdə 1.6 milyon insan ölüb,lakin ölənlərin 10 milyona qədər olduğu da ehtimal edilir.

Azərbaycan ərazisində də fərqli vaxtlarda üç İslah Əmək Düşərgəsi mövcud olub. Bunlar Xəzəryanı, Xəzər və 108 nömrəli tikinti İslah Əmək Düşərgələri idi.

Konkret Azərbaycanda ümumilikdə1950-ci illərin əvvəllərindək 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

XS
SM
MD
LG