Accessibility links

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb


Aprelin 14-də Azərbaycanda 49 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Müşahidələr göstərir ki, Azərbaycanda 2-ci dəfə koronavirus (COVID-19) infeksiyasından sağalanların sayının yoluxanlardan çox olduğu bildirilib.

Aprelin 12-də Operativ qərargahın məlumatında son sutka ərzində bu virusa 40 yeni yoluxma faktının qeydə alındığı, 50 nəfərin də sağaldığı bildirilirdi.

Məlumatda deyilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfər müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xatırlatma

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Öz növbəsində son günlər koronavirus pandemiyası səbəbindən Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır. Bəzi müxalif qüvvələr və bir sıra hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət bundan tənqidi fikirləri boğmaq üçün istifadə edir. Buna səbəb kimi bir neçə müxalifətçi və ictimai fəalın inzibati qaydada həbs edilməsini göstəriblər.

Daxili İşlər Nazirliyi (DİN) vurğulayır ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil.

“Cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülub”, deyə DİN aprelin 10-da qeyd edib.

XS
SM
MD
LG