Accessibility links

Azərbaycanda koronavirusa yoluxma halları artıb


koronavirus
koronavirus

Mayın 8-də Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Müşahidələr göstərir ki, Azərbaycanda son günlər koronavirus infeksiyasına yoluxma halları artıb.

Hazırkı dövrədək ölkədə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181 530 test aparılıb.

Azərbaycanda metronun fəaliyyəti bərpa edilir

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda "Bakı Metropoliteni"nin fəaliyyətinin mayın 9-dan etibarən bərpa edilməsinə dair qərar verilməsi barədə məlumat yayıb.

Məlumata görə metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Xatırlatma

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Pandemiya zamanı insan hüquqları

Öz növbəsində son günlər koronavirus pandemiyası səbəbindən Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır. Bəzi müxalif qüvvələr və bir sıra hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar hesab edirlər ki, hakimiyyət bundan tənqidi fikirləri boğmaq üçün istifadə edir. Buna səbəb kimi bir neçə müxalifətçi və ictimai fəalın inzibati qaydada həbs edilməsini göstəriblər.

Daxili İşlər Nazirliyi (DİN) vurğulayır ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil.

XS
SM
MD
LG