Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 367 yeni yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı iyunun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb. Məlumatda qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib:
“İndiyədək ölkədə ümumilikdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir” - deyə, məlumatda deyilir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5052, ötən müddət ərzində isə ümumilikdə 386898 test aparılıb.
Müşahidələr göstərir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artıb.
İyunun 14-də olan açıqlamaya görəAzərbaycanda koronavirus infeksiyasına 387 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Martın 24-dən ölkədə karantin elan edilib.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 911 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 433 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.