Pandemiya ilində azalmayan sahə
Ötən il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM-in) həcmində və, az qala, iqtisadiyyatın bütün sahələrində əvvəlki illə müqayisədə azalma qeydə alınmışdı. Pandemiya ilində azalma qeydə alınmayan azsaylı sahələrdən biri kənd təsərrüfatı oldu. Ötən il boyunca kənd təsərrüfatında yetişdirilən məhsulların dəyəri toplam 8.5 milyard manata yaxın olub. Bu, əvvəlki illə müqayisədə təxminən 2 faiz artım deməkdir. Bitkiçiliklə bağlı sahələrdə artım 0.8 faiz, heyvandarlıqda isə 3.1 faiz olub. Bu il ərzində də kənd təsərrüfatında artım trendi davam edir. İlk 8 ay boyunca kənd təsərrüfatında istehsal edilən məhsulların dəyəri 6 milyard manatı aşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım deməkdir. Bu il bitkiçiliklə bağlı sahələrdə artım daha yüksək səviyyədə - 7 faiz həddindədir.
Azərbaycanda ət istehlakı normadan iki dəfə aşağıdır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyinə görə, adambaşı ət norması il ərzində 78 kiloqram olmalıdır. Maraqlıdır ki, Nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak səbətində Azərbaycanda əməkqabiliyyətli əhali üçün illik adambaşı ət və ət məhsulları istehlakı cəmi 33 kiloqramdır. Yüksək gəlir qrupuna daxil olan ölkələrdə adambaşına düşən ət istehlakı göstəricisi təxminən 100 kiloqram civarındadır.
Azərbaycanın qida rasionunda ət mühüm ərzaq məhsulu sayılsa da, rəsmi rəqəmlərdən aydın olur ki, ölkədə ət istehlakı ÜST-ün müəyyənləşdirdiyi normadan təxminən iki dəfə geri qalır. Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ötən il Azərbaycanda adambaşına düşən ət və ət məhsulları istehlakı cəmi 40.8 kiloqram olub. Son beş il ərzində adambaşına düşən ət istehlakı təxminən 20 faizə yaxın artsa da, ümumi nəticə yenə yetərsiz sayıla bilər. Rəqəmlərdən aydın olur ki, əhali, əsasən, mal (40 faiz) və quş (36 faiz) ətinə üstünlük verir.
Azərbaycan bu göstəriciyə görə MDB məkanında ən son yeri tutan ölkələrdəndir. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, adambaşına düşən ət istehlakı Belarusda 97, Rusiyada 76, Qazaxıstanda 74, Moldovada 56, Qırğızıstanda 42 kiloqramdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə də həmin göstərici 71 kiloqramdan yüksəkdir.
Azərbaycanda ət və ət məhsullarının alınmasına əhali hər il 4 milyard manata yaxın pul xərcləyir. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışına toplam 21 milyard 684 milyon manat pul xərclənib. Həmin vəsaitin 3 milyard 846 min manatı, yəni əhalinin bütün ərzaq xərclərinin 18 faizi məhz ət və ət məhsullarına sərf edilib.
Azərbaycan özünü ətlə təmin edə bilir?
Ölkənin ərzaq balansı ilə bağlı göstəricilərdən aydın olur ki, ötən il ölkədə 423 min 230 ton ət və ət məhsulundan istifadə edilib. Həmin ehtiyacın 63 min 627 tonu, yəni təxminən 15 faizi idxal hesabına təmin edilib. Bu o deməkdir ki, ölkənin özünü ət və ət məhsulları ilə təmin etmə səviyyəsi 85 faiz civarındadır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu hesablamada xaricdən gətirilib bəsləndikdən sonra kəsilən heyvanlar da yerli istehsal kimi qeydə alınır. Ət təminatı ilə bağlı digər bir diqqətçəkən məqam da son beş ildə ölkənin ət və ət məhsulları ilə özünün təminetmə göstəricisinin azalmasıdır. Belə ki, 2014-ci ildə ölkə istifadə edilən 326 min 500 ton ət və ət məhsulunun cəmi 25 min 400 tonu, yəni təxminən 7.7 faizi idxal hesabına qarşılanırdı. Bu o deməkdir ki, son altı il ərzində ölkənin özünü ət və ət məhsulları ilə təminatının səviyyəsi 7 faizə yaxın azalıb.
2020-ci ildə ölkədə 143 min ton mal əti, 87 min ton qoyun və keçi əti, 115 min ton quş əti və 483 kiloqram donuz əti istehsal olunub. Dövlət Gömrük Komitəsinin məlumatlarından aydın olur ki, ötən il ölkəyə ət idxalına 79 milyon dollar, diri heyvanların idxalına 68 milyon dollar vəsait xərclənib.
Bu ilin əvvəlinə olan göstəriciyə əsasən, hazırda Azərbaycanda 1 milyon 280 min 500 inək və camış var. 2016-cı illə müqayisədə ölkədəki inək və camışların sayı 30 min başdan çox azalıb. Qoyun və keçilərin sayındakı azalma daha yüksək səviyyədədir. Əgər 2016-cı ilin əvvəlində ölkədə 8 milyon 677 min qoyun və keçi vardısa, hazırda bu rəqəm 8 milyon 90 min başa enib. Yəni 5 il ərzində 600 min başa yaxın azalıb. Rəsmi rəqəmlərə görə, hazırda ölkədə 5 min 900 donuz və 30 milyon 176 min ev quşu saxlanılır. Son 5 ildə quşların sayında təxminən 2.5 milyon artım gözə çarpır.