Yanvarın 4-də Azərbaycan Tarif (qiymət) Şurası ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinin 1 litr üçün 1 manat (11 faiz), dizel yanacağının pərakəndə satış qiymətinin 1 litr üçün 80 qəpik (33 faiz) müəyyən edilməsi barədə qərar qəbul edib.
Bunadək Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 90 qəpik, 1 litr dizel yanacağının qiyməti isə 60 qəpik idi.
Yanacağın qiymətinin qaldırılması sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş tənqidə səbəb olub. Ekspertlər və sosial şəbəkə iştirakçıları COVİD-19 pandemiyasının yaratdığı çoxsaylı problemlər dövründə yanacağın qiymətinin qaldırılmasını məqbul saymır.
Vəkil Elçin Sadıqov bildirir ki, hökumət hesab edir ki, karantin müddətində özlərinin gəlirləri kimi əhalinin də gəlirləri kəskin artıb.
“Ölkədə hər şeyin qiymətinin qalxmasının (maaşlardan başqa) əsasını hökumət qoyur,” o qeyd edib.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, dizel yanacağının qiymətini daha çox artırmaq ekologiyaya qayğı ilə əlaqələndirilirsə, hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə bilər.
Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 milyon manata, nəqliyyat sektoru üçün əlavə 300 milyon manata yaxın izafi xərc yaradacaq.Rövşən Ağayev, iqtisadçı
“Yanacağın qiymətinin artırılmasından əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınların gətirilməsinə subsidiya verilsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0% rüsum və vergisiz idxal edilsin,” o qeyd edib.
İqtisadçı hesab edir ki, fermerlərə konpensasiya nəzərdə tutulmalıdır.
“Aqrar sektorun bütün fəaliyyəti dizel yanacağı üzərində qurulub. Azərbaycanda dizel yanacağının 70%-ə yaxını nəqliyyat, 30%-ə qədəri aqrar sektorda istifadə edilir. Ən son enerji balansına görə, aqrar sektor 305 min ton dizel yanacağı istehalk edib. Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 milyon manata yaxın izafi xərc yaradacaq.
Eyni zamanda, benzin və dizelin bahalanması nəqliyyat sektoru üçün əlavə 300 milyon manata yaxın xərc yadacaq. Unutmayaq, sonda bu xərclərin hamısı istehlakçının cibindən çıxır,” iqtisadçı deyib.
İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq.
“İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq. Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə edilir.”
İqtisadçı Azərbaycanda 1 litr benzinin qiymətinin ABŞ-da Kolorado ştatındakı qiymətdən baha olduğunu bildirir.
Bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin də qiyməti bahalaşdırılacaq. Devalvasiyaya hazırlıq gedir.Qubad İbadoğlu, iqtisad elmləri doktoru
“Bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin də qiyməti bahalaşdırılacaq. Devalvasiyaya hazırlıq gedir.”
Onun fikrincə, Tarıf Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstanla, Belarusla, Ukrayna ilə, Türkiyə ilə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyil.
“Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qatar, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-la aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır,” İbadoğlu bildirir.
Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, yanacağın qiymətinin qaldırılması əhalinin həyat şəraitinə olduqca mənfi təsir göstərəcək, bütün növ ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə artacaq.
Pandemiya şəraitində bunu etmək kimə və nəyə xidmət edir? İnsanlar xəstəliklə yanaşı, yaşamaq uğrunda mübarizə aparır. İşsizlik, yoxsulluq insanlarımızı çətin duruma salıb.İqbal Ağazadə, Ümid Partiyasının sədri
“Onsuz da sosial cəhətdən müdafiəsi zəif olan vətəndaşlarımızın sayı kifayət qədərdir. Həm də pandemiya şəraitində bunu etmək kimə və nəyə xidmət edir? İnsanlar xəstəliklə yanaşı, yaşamaq uğrunda mübarizə aparır. İşsizlik, yoxsulluq insanlarımızı çətin duruma salıb. Belə bir vəziyyətdə qiymətləri aşağı salmaq, kommunal xərcləri - qaz, su, işıq pullarını - dövlət hesabına ödəmək, uşaqpulu verməyin yollarını aramaq əvəzinə, yanacağın qiymətini qaldırıb əhalinin vəziyyətinə əhəmiyyətli təsir edəcək qərarlar vermək hansı məntiqə sığır? İnsanımız ağır durumdadır, sosial vəziyyət əksər ailələrdə dözülməzdir, işsizlik, pandemiya vətəndaşımızı yorub,” Ağazadə hökuməti qərarına yenidən baxmağa çağırır.
İqtisadçı Natiq Cəfərli yazır ki, Aİ-92 markalı benzin 1 manat, dizel 80 qəpik olub.
“Xoş gəldin 2021-ci il, bu hələ "çiçəklərdir", "meyvələr" sonra olacaq. Benzinin qiymətinin 10%-dən çox, dizelin qiymətinin isə 30%-dən çox artması ərzaqdan, aqrar sektor məhsullarlndan nəqliyyata qədər hər şeyin qiymətinə təsir edəcək, logistika bahalaşacaq. Amma, hökumət yenə deyəcək ki, qiymətlər cəmi 3% artıb, inflyasiya yoxdur,” o qeyd edib.
Hüquqşqnas Ələsgər Əhmədoğlu bildirib ki, Tarif Şaurasının qəflətən qiymətləri qaldırması qanunvericiliyə ziddir
“İnformasiya əldə etmək haqqında” qanunun 29.1.25 maddəsinə görə, əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə dəyişiklik edilməsinə azı 30 gün qalmış bu barədə informasiyanı açıqlamalıdır,” hüquqşünas qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) sədri Əli Kərimli hesab edir ki, ölkədə 10 ay davam edən karantin sosial-iqtisadi vəziyyəti onsuz da çox gərginləşdirib.
Toxun acdan xəbəri doğrudan da olmazmış.Əli Kərimli AXCP sədri
“Xalq hökumətdən sosial müdafiə paketi gözləyirdi. Bunlar isə yenə də qiymət artımına getdilər. Yanacağın qiyməti artdısa, deməli bizi qarşıda ərzaq başda olmaqla əksər məhsulların qiymət artımı gözləyir. Toxun acdan xəbəri doğrudan da olmazmış,” Kərimli qeyd edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turan agentliyinə bildirib ki, benzinin və dizel yanacağın qiymətlərin artması koronavirus pandemiyası ilə bağlıdır.
“Biz artıq bir ilə yaxındır deyirik ki, pandemiya koronakrizisə gətirib çıxartdı. Bütün bunlar dünya ölkələrinə, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərir. Pandemiya inflyasiyanın, işsizliyin artımına, devalvasiyaya, iqtisadi artımın mənfi göstəricilərinə qədər aşağı düşməsinə gətirib çıxarır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda ÜDM-in və iqtisadi artımın azalması hətta inkişaf etmiş ölkələrə nisbətən daha az müşahidə olunur. Azərbaycanda ÜDM-in azalması və inflyasiya artımı 2020-ci ilin proqnozlarına uyğundur və digər ölkələrin göstəriciləri ilə müqayisədə qənaətbəxşdir.”
Qiymətlər qalxmasa büdcəyə pul yığmaq mümkün olmayacaq. Büdcənin gəlir hissəsi olmasa xərc hissəsi icra olunmayacaq və ya bu şərtlərlə xərc hissəsi icra olunursa böyük defisit yaranacaq.Rüfət Quliyev, Milli Məclisin deputatı
Quliyev bildirib ki, ölkənin əsas sosial-iqtisadi və maliyyə sənədi - illik büdcədir və onu inkişaf etdirmək üçün büdcəyə daxilolmaları təmin etmək lazımdır.
“İki problemdən ən balacasını seçmək prinsipini rəhbər tutaraq qiymət artımı seçilib. Qiymətlər qalxmasa büdcəyə pul yığmaq mümkün olmayacaq. Büdcənin gəlir hissəsi olmasa xərc hissəsi icra olunmayacaq və ya bu şərtlərlə xərc hissəsi icra olunursa böyük defisit yaranacaq. Büdcə defisitini bağlamaq üçün pulların əlavə emissiyasını etmək lazım gələcək, bu isə birbaşa inflyasiyaya gətirib çıxaracaq. Və ya daxili kreditləri götürmək lazım olacaq. Bu isə o deməkdir ki, problem növbəti illərə uzadılacaq. Ölkədaxili kreditlər götürülürsə bunun faizini da ödəmək lazımdır. Digər ölkələrdəki kimi, hökümət o malların və xidmətlərin qiymətlərinin artırmasına gedir ki, onların hesabına yaranmış defisitini kompensasiya edə bilsin,” deputat bu qənaətdədir.