Bu gün, fevralın 2-də Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər Azərbaycan vətəndaşı minaya düşüb.
Azərbaycan Minatəmizləmə Agentliyinin məlumatına görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bölgədə döyüş əməliyyatları dayandırldıqdan sonra ondan çox mülki və hərbi şəxs, o cümlədən Rusiya Müdafiə Nazirliynin bir hərbçisi mina partlaması nəticəsində həlak olub.
Azərbaycanın rəsmi qurumları tərəfindən mülki vətəndaşların döyüşlər gedən ərazilərə hərbi qurumların icazəsi olmadan getməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mina partlaması nəticəsində həlak olanların sayı artmaqdadır.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb. Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.
Döyüş gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.
Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.
“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o qeyd edib.
Ekspert Azərbaycan hökumətinin minaların təmizlənməsi üçün kömək məqsədi ilə beynəlxalq qurumlara müraciət etdiyini bildirib. Onun fikrincə, minaların təmizlənməsi illərlə davam edəcək.
Bununla yanaşı, ekspertlər münaqişə ərazisində 50 mindən 100 minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.