Aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə edilər.
Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.
“Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirildi. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olundu. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulandı. Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olundu,” məlumatda qeyd edilir.
Xarici İşlər Nairliyi bildirir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.
Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırdılar.
“Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər,” məlumatda qeydbedilir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü ilə bağlı birgə bəyanatında deyilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri, ATƏT-in Minsk qrupunun həmsədrləri bu günkü birgə video-konfrans da daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirir.
Məsləhətləşmələrin gedişatında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçirilib.
“Məsləhətləşmələrin gedişatında iştirakçılar qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar həmçinin Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər.
Etiraf edilib ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salınıb. Həmçinin nazirlərin şəxsi görüşləri və həmsədrlərin Cenevrədə razılaşdırılmış regiona səfərləri təxirə salınıb. Bununla belə, bu tədbirlərin hazırlığı üzrə lazımlı iş davam edir,” sənəddə qeyd edilir.
Həmsədrlər indiki şərtlərdə atəşin dayandırılmasına ciddi riayət etməyin və fitnəkar hərəkətlərdən çəkinməyin əhəmiyyətini vurğulayıblar və tərəfləri gərginliyin sonrakı dövrdə azaldılması üçün tədbir görməyə çağırıb.
Azərbaycan-Ermənistan liderlərinin Münhen debatı
Bundan öncə bu il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında 45 dəqiqəlik panel müzakirələr keçirilib. Debat hər iki liderin bir-birini ittiham edən tərzdə gərgin keçib.
Prezident İlham Əliyevə bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.
Sualları cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.
Paşinyan həll yolunun üç tərəfi - Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz əvvəlki tezisini təkrarlayıb.
Sonra o, Əliyevi Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlara çağırıb.
Prezident Əliyev cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan Qarabağ erməniləri ilə danışacaq.
O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.
“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunları çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.
Paşinyan buna cavab olaraq deyib ki, Qarabağ ətrafındakı ərazilər “təhlükəsizlik zonasıdır” və erməni tərəfi bunu “asanlıqla qaytara bilməz”.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.