Yanvarın 29-30-da Cenevrədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun və ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü baş tuatacaq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Amerikanın Səsinin sualının cavabında bildirib.
Bratislava görüşü
Bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan 2019-cu il dekabrın 4-də ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində Bratislavada görüşüb.
ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və Xarici İşlər Nazirinin katibi Jan-Baptiste Lemoyne və ABŞ Dövlət Katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Phil Reekerin nazirlərin Bratislavada görüşü ilə bağlı birgə bəyanatında deyilir ki, hazırkı status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.
Hazırkı status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatından sitat
Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıb.
Həmsədr ölkələrin nümayəndə heyətinin rəhbərləri ədalətli və davamlı nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və bərabər hüquqlar prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir. 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında verdiyi birgə bəyanatını xatırladaraq bildiririk ki, nizamlanma həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementləri də əhatə etməlidir.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.