Accessibility links

Azərbaycan və Ermənistan qoşunları ağır döyüşləri davam etdirir


Bazar ertəsi, oktyabrın 5-də Azərbaycanın Gəncə şəhəri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub. Həmçinin Azərbaycanın Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bu arada Ermənistan rəsmiləri Azərbaycan qüvvələrinin Xankəndini və Şuşanı "intensiv raket atəşinə" tutduğunu bildiriblər.

"Düşmən Stepanakert və Şuşanı yüksək intensivliklə vurur," deyə Şuşan Stepanyan Azərbaycan qüvvələrinin Dağlıq Qarabağın cənubunda hücum əməliyyatlarını bərpa etdiklərini bildirib. Onun sözlərinə görə, cəbhə xətti boyu ağır döyüşlər gedir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun sözçüsü Vahram Poğosyan deyib ki, "Azərbaycana qarşı ağır qisas zərbələri endirilib və hədəflər uğurla vurulub".

Gəncə şəhərinin sakinlərindən biri Amerikanın Səsinə deyib ki, oktyabrın 5-də Gəncə şəhərinə azı iki raket düşüb.

“Raketlərdən biri keçmiş avtovağzal ərazisinə, digəri isə Gəncə çayının sahilində boş əraziyə düşdü. Xəsarət alan olmadı. Deyəsən raketlərdən biri partlamayıb,” sakin Amerikanın Səsinə deyib.

“Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb,” Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Gəncə şəhərinə endirilən raket zərbələri dağıntılara səbəb olub.
Gəncə şəhərinə endirilən raket zərbələri dağıntılara səbəb olub.

Nazirlik bildirir ki, bütün cəbhə boyu sıxışdırılan erməni qüvvələri artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.

“Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir,” məlumatda qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi raketlərin Ermənistan ərazisindən buraxıldığı bildirilən video da təqdim edib.

Azərbaycana raket hücumları
Azərbaycana raket hücumları

Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan şənbə günü deyib ki, Ermənistan ərazisindən Azərbaycan istiqamətinə hər hansı raket zərbəsi endirilməyib.

"Azərbaycan tərəfi heç bir dəlil olmadan indi Ermənistan Silahlı Qüvvələrinin Xızı və Abşeronu hədəf aldıqlarını bildirir. Bu, Azərbaycanın təxribata zəmin hazırladığını sübut edən növbəti yalandır," Şuşanyan Twitterdə yazıb.

Azərbaycan Baş Prokurorluğu bildirir ki, oktyabrın 4-də Ermənistanın Silahlı Qüvvələri Xızı rayonunun Türkoba kəndi (Bakıdan 80-90 kilometr şimal) və Abşeron rayonunun Pirişikül kəndinin (Bakıdan 50 kilometr şimal) yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 2 ədəd böyük dağıdıcı qüvvəyə malik uzunmənzilli ballistik raketlərdən istifadə edib. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

Rəsmi məlumatlara görə, indiyədək erməni tərfinin atəşi nəticəsində 25 mülki şəxs olüb, 121 nəfər yaralanıb.

Erməni tərəfi 18 mülki vətəndaşın öldüyünü, 90 nəfərin yaralandığını xəbər verir.

Azərbaycan hərbi rəsmiləri isə dinc əhalinin hədəfə alınmadığını bəyan edir.

Azərbaycan Ordusu əvvəllər erməni qüvvələrinin nəzarətində olan Murov dağ silsiləsindəki mövqeləri, Tərtər rayonunun Suqovuşan (Madagiz) qəsəbəsini, Cəbrayıl rayonunu və 20-dən çox kəndə nəzarəti ələ keçirdiyini bildirir. Erməni rəsmilər bu açıqlamaları təsdiq etmir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

XS
SM
MD
LG