Azərbaycan və Ermənistan qoşunları arasında döyüşlər dördüncü gündür davam edir. Hər iki tərəf hərbi və mülki şəxslər arasında çoxsaylı itkilərin olduğunu bildirir.
Azərbaycan Baş Prokurorluğundan Amerikanın Səsinə bildiriblər ki, sentyabrın 30-dək cəbhə bölgəsində erməni tərəfinin atəşləri nəticəsində 14 mülki vətəndaş həlak olub, 46 nəfər yaralanıb. Onlarla vətəndaşın evləri və mülki obyektləri erməni qoşunları tərəfindən atılan atəşlə dağıdılıb.
Ermənistanın rəsmi mənbələrinin məlumatına görə, Azərbaycan tərəfinin atəşi nəticəsində 5 mülki insan həlak olub, çoxsaylı evlər və obyektlər dağılıb. Erməni mənbələri sentyabrın 30-da daha 3 mülki şəxsin öldürüldüyünü bildirib.
Sentyabrın 30-da Ermənistan Müdafiə Nazirliyi Ermənistana məxsus Su-25 tipli qırıcı-bombardımançı təyyarəsinin öz ərazisində vurulduğunu bildirib. Ermənistan tərəfi hərbi təyyarəsinin Türkiyəyə məxsus F-16 tipli qırıcı təyyarə tərəfindən vurulduğunu bildirsə də, Türkiyə və Azərbaycan rəsmiləri bu məlumatı təkzib edib.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev yerli mediaya bildirib ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar dezinformasiyasıdır.
Hərbi itkilərə gəlincə, tərəflər hərbi itkilərlə bağlı artıq məlumat vermir. Ermənistan rəsmi mənbələri sentyabrın 28-də hərbi itkilərinin 80 hərbçi olduğunu bildirib. Azərbaycan isə bu rəqəmin 2300 olduğunu bildirir.
Azərbaycan Müdafiə Nazirlyi bildirir ki, sentyabrın 27-dən sentyabrın 30-da səhər saatlarınadək Ermənistanın 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Sentyabrın 29-da Xocalı rayonunun Şuşakənd ərazisində Ermənistan məxsus bir ədəd S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Arsun Ovanesyan sentyabrın 29-da bildirib ki, döyüşlərdə Azərbaycan tərəfinin 790 hərbçisi öldürülüb, 1900 nəfər yaralanıb. Azərbaycanın 137 tankı və digər zirehli texnikası, 72 pilotsuz uçuş aparatı, 7 helikopteri, 1 təyyarəsinin məhv edildiyi bildirilib.
Sentyabrın 30-da bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir. Azərbaycan və Ermənistan rəsmi mənbələrinin məlumatına görə, cəbhənin şimal-qərb və cənub cinahlarında ağır döyüşlər gedir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, cəbhənin şimal-qərbində, Tərtər-Ağdərə istiqamətində Ermənistanın Ordusunun hissələri ağır itkilərə məruz qalaraq döyüş mövqeyini tərk edərək qaçır.
Ermənistan Müdafiə Nazirliynin təmsiçisi Arsun Ovanesyan cəbhənin şimal-qərb istiqamətində ağır döyüşlərin getdiyini təsdiq edib. Onun sözlərinə görə, Azərbaycan ağır artilerriya və hava zərbələrindən istifadə edir. Ovanesyan itkilərin olduğnu bildirsə də sayı barədə məlumat verməyib.
Ermənistan tərəfi döyüşlərdə Rusiya istehsalı olan “İsgəndər” takitiki-hücum raketlərindfən və SU-30 tipli ağır qırıcı təyyarələrdən istifadəni də istisna etmir.
Azərbaycan hərbi rəhbərliyi bildirib ki, Ermənistanın istənilən hərbi texnikasını, uçuş aparatını və raket komleksini vurmağa qadirdir.
Regionda yaranmış durum siyasi səviyyədə də müzakirə mövzusudur. Son günlər Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan çoxsaylı dövlət başçıları ilə telefon danışıqları olub. Son günlər Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə iki dəfə, Fransa prezidenti Emmanuel Makronla telefon danışıqları aparıb.
Sentyabrın 30-da isə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan cəbhəsində durumun kəskinləşməsini İran prezidenti Həsən Ruhani ilə telefon söhbəti zamanı müzakirə edib. Ermənistan baş naizri cəbhədə durumun kəskinləşməsində Türkiyənin rolunu qeyd edib.
Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya” televiziyasının “60 dəqiqə” verilişinə müsahibəsində Türkiyənin hərbi əməliyyatlarda iştirakı barədə deyilənləri təkzib edib. Prezident Əliyev Azərbaycanın müharibəni davam etdirmək üçün kifayət qədər hərbi ehtiyatlara və insan resursuna malik olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın hərbi büdcəsi və insan ehtiyatı Ermənistandan bir neçə dəfə çoxdur.
Eyni telekanala danışan Ermənistan Baş Naziri Nikol Paşinyan intensiv döyüşlərin getiyi məqamda Azərbaycanla danışıqlar üçün müvafiq atmosferin olmadığını bildirib. O, Türkiyəni Azərbaycana verdiyi dəstəyə görə tənqid edib və baş verənləri təcavüz kimi qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi sentyabrın 29-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib ki, Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd-şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək.
“Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Nə qədər tez bir zamanda Ermənistan bu həqiqətlər ilə razılaşsa, bir o qədər tez münaqişə həll ediləcək və region dövlətləri, xalqları əməkdaşlıq və iqtisadi inkişafdan bəhrələnə biləcək,” çıxışda qeyd edilib.
Çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərlə əlaqədar narahatlıqlarını ifadə edib. Şura üzvləri güc tətbiq edilməsini kəskin şəkildə qınayıb və insan tələfatı və mülki əhali arasında itkilərə görə təəssüflərini bildiriblər.
“Biz Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində mülki əhali və hərbçilər arasında itkilərin olduğu genişmiqyaslı hərbi əməliyyatlara görə olduqca narahatıq. Biz güc tətbiq edilməsini qəti şəkildə qınayırıq və insan itkisinə görə kədərlənirik. Ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk,” Estoniyanın nümayəndəsi, səfir Sven Yurgensonun açıqladığı bəyanatda bildirilir.
Təhlükəsizlik Şurasının üzvləri BMT Baş Katibinin döyüşləri dərhal dayandırmaq, gərginlikləri azaltmaq və təxirə salınmadan konstruktiv danışıqlara qayıtmaq çağırışına qoşulduqlarını bəyan ediblər. “Hazırkı vəziyyət dinc yolla həll edilməlidir,” səfir Yurgensonun açıqladığı bəyanatında bildirilir.