İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, hazırkı vaxtadək davam edən döyüşlərdə erməni tərəfinin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi Azərbaycan Ordusunun bölmələrinin sərrast atəşi ilə məhv edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nazim İsmayılov həlak olub.
“Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür,” məlumatda deyilir.
Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, Ermənistan ordusu vəziyyəti nəzarətdə saxlamaqda və şərtləri diktə etməkdə davam edir.
“Azərbaycan gücə üstünlük verirsə, Ermənistan ordusu vətəndaşlarının həyatını xilas etmək üçün layiqli cavab verməyə hazırdır,” o qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi billdirib ki, Ermənistan Ordusu bu gecə Azərbaycan Ordusunun diversiyasının qarşısını alıb və sonra Ermənistanın Aygepar və Movses kəndləri atəşə tutulub.
Ermənistan tərəfi itkilərlə bağlı məlumat vermir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq silahlı qarşıdurma olub.
Rəsmi məlumatlara görə, Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralılar var.