Accessibility links

Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək


Mayın 1-dən 3-dək Azərbaycanda "Mustafa Kemal Atatürk-2019" Azərbaycan-Türkiyə taktiki təlimləri keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin əsas məqsədi birgə planların hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və birgə əməliyyatlar aparılması bacarıqlarının inkişafı yolu ilə Azərbaycan və Türkiyə hərbi birləşmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

Birgə təlimlərə hər iki ölkə ordusunu şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, döyüş və nəqliyyat helikopterləri, habelə hava hücumundan müdafiə və zenit-raket birləşmələri cəlb ediləcək.

İki ölkə arasında əvvəllər də hərbi təlimlər keçirilib. Onlar arasında illik hərbi əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Qartalı - 2017" və "TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimləri keçirilib.

XS
SM
MD
LG