Accessibility links

Azərbaycan sərhədləri və təhlükələr


Azərbaycan Respublikasının xəritəsi
Azərbaycan Respublikasının xəritəsi

Rəsmi məlumat və ekspert rəyləri

Azərbaycanın dövlət sərhədlərində 2019-ci ildəki durum Dövlət Sərhəd Xidmətində ilin yekunlarına həsr olunmuş müşavirdə müzakirə edilib.

Eskpertlər hesab edir ki, Azərbaycanın dövlət sərhədlərində təhlükəsizliklə bağlı tədbirlər görülsə də, problemlər də qalmaqdadır. Bu problemlər əsasən sərhədlərin delimitasiyası və demorkasiyası, qonşu dövlətlər tərəfindən gözlənilən təhlükələrlə bağlıdır. Dövlət sərhədinin bir istiqaməti, Ermənistanla sərhəd faktiki cəbhə xəttidir.

Azərbaycanın dövlət sərhədləri

Rəsmi məlumatlara görə, Azərbaycan Respublikasının dövlət sərhədinin uzunluğu 3360 kilometr, o cümlədən quru sərhədlərinin uzunluğu 2648 kilometr, su sərhədlərinin uzunluğu 816 kilometrdir.

Azərbaycan Respublikası şimalda Rusiya ilə 390 kilometr, şimal-qərbdə Gürcüstan ilə 471 kilometr, qərbdə və cənub-qərbdə Ermənistanla 1007 kilometr, qərbdə Türkiyə ilə 15 kilometr, cənubda İranla 765 kilometr həmsərhəddir.

Azərbaycan Rusiya ilə İran arasında quru sərhədi olan yeganə dövlətdir.

Elçin Quliyev
Elçin Quliyev

Elçin Quliyev: Rejim qaydalarını pozan 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb

“Dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb. 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məharəti nümayiş etdirilib”.

Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirib.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.
Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi


Onun sözlərinə görə, 2019-ci il ərzində Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınan döyüş postlarında böyük miqyaslı işlər görülüb.

“Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. Hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 kilometr məsafədə qoruyucu val sədləri və 92 kilometr məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib.”

Dövlət Sərhəd Xidmətinin rəisinin sözlərinə görə, bu ilin mart və iyun-iyul aylarında Ermənistanın Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb.

“Qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.”

Elçin Quliyev bildirib ki, il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.

İlham İsmayıl
İlham İsmayıl

İlham İsmayıl: Dövlət sərhədinin bir istiqaməti cəbhə xəttidir

Təhülkəsizlik məslələri üzrə ekspert İlham İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanın dövlət sərhədlərinin bir istqaməti faktiki olaraq cəbhə xəttidir.

İlham İsmayıl: Dövlət sərhədinin bir istiqaməti cəbhə xəttidir
please wait

No media source currently available

0:00 0:01:15 0:00
İndiki şəraitdə ən böyük təhlükə İran tərəfdən narkotik maddələrin keçirilməsi, sərhədlərin pozulmasıdır.
İlham İsmayıl, ekspert


“Digər sərhəd sahələrində, İranla, Rusiya ilə olan sərhədlərimizdə nisbətən sakitlikdir. Bu sərhədlərdə də özünəməxsus mürəkkəbliklər var. Sərhədlərimizə ən böyük təhlükə Ermənistan tərəfdən olub, torpaqlarımız işğal olunub. Bu istiqamətdə gərginlik davam edir. Bu aydındır. Amma Rusiya və İranla sərhədlərdə isə başqa fəsadlar var. Hamı bilir ki, İranın da, Rusiyanın da Azərbaycana münasibətində daim bir gərginlik var. İndiki şəraitdə ən böyük təhlükə İran tərəfdən narkotik maddələrin keçirilməsi, sərhədlərin pozulmasıdır. Amma ola bilər ki, Ermənistan İran və Rusiya sərhədləri vasitəsi ilə öz kəşfiyatçısını, təxribatçısını Azərbaycana yeritsin. Əsas təhlükələr bunlarıdır,” o qeyd edib.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu: Gürcüstanla da problemlər qalır

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın dövlət sərhədlərinə əsas təhlükə Ermənistan tərəfdəndir.

Elxan Şahinoğlu: Gürcüstanla da problemlər qalır
please wait

No media source currently available

0:00 0:01:13 0:00


“Ermənistan torpaqlarımızı işğal edib. Bu təkcə Dağlıq Qarabağ və ətraf rayonları əhatə etmir, Tovuz, Qazax istiqaməti də daxil olmaqla Ermənistanla sərhədin bütün istiqamətlərində problem yaşanır.”

Ekspertin firkincə, sərhədin digər istiqamətlərindən də təhlükələr var.

Gürcü tərəfinin müəyyən iddialar da var. Bu məsələ də hələ açıq qalır.
Elxan Çahinoğlu, ekspert


“Hətta, tərəfdaş saydığımız Gürcüstanla da sərhəd məsələsi hələ gündəmdədir. Sərhədin üçdə iki hissəsi müəyyənləşib, üçdə bir hissəsi ilə bağlı illərdir danışıqlar getməsinə baxmayaraq hələ bir razılaşma yoxdur. Ara-sıra insidentlər də baş verir. Gürcü tərəfinin müəyyən iddialar da var. Bu məsələ də hələ açıq qalır.”

Elxan Şahinoğlu İranla sərhəddə də müəyyən problemlərin olduğunu deyib.

“Baxmayaraq ki, İranla normal qonşuluq münasibətlərimiz var. Amma sərhəd pozucuları olur, sərhəddə atışmalar olur, ölüm halları var. Mənim üçün aydın deyil ki, sərhəd necə nəzarətə götürülüb, narkotik qaçaqmalçıları İran sərhədindən Azərbaycan tərəfə keçə bilir və bizim tərəfdə ya qarşısı alınır, ya da silahlı toqquşmalar baş verir,” ekspert Amerikanın Səsinə müsahibəsində qeyd edib.

XS
SM
MD
LG