Accessibility links

Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu minaya düşüb


Dənizdə mina
Dənizdə mina

Sentyabrın 30-da Azərbaycan hərbi qulluqçusu minaya düşüb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda deyilir ki, Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elgin Nəzərxanlı Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb:

“İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilmişdir, həkimlərin tam nəzarəti altındadır”.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu il avqustun 11-dək həmin ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.

Azərbaycan tərəfi Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırır. Lakin bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi müqabilində Ağdam, Füzuli və Zəngilan rayonlarına aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi. Ermənistanın rəsmi qurumlarından bununla bağlı hələlik münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG