Accessibility links

Azərbaycan prezidenti: Minatəmizləmə işləri birinci dərəcəli vəzifədir


“Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər.”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədr vəzifəsinə təyin etməsi ilə əlaqədar videoformatda qəbulu zamanı bildirib.

Əliyev deyib ki, təkcə təmas xəttinə yaxın olan ərazilər yox, şəhərlər, yollar, önəmli strateji yüksəkliklər minalanıb və Azərbaycanda mina sahələrinin xəritələri yoxdur.

“Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər. Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz,” o qeyd edib.

Prezidentin dediyinə görə, minatəmizləmə işləri tez zamanda başa çatdırılmalıdır.

“Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır. Azad edilmiş torpaqlarda minalardan başqa partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir. Siz bu sahədə təcrübəli beynəlxalq mütəxəssisləri cəlb edərək işçilər üçün həm ölkə daxilində təlim kursları keçirməlisiniz, həm də xaricdə qısamüddətli kurslar təşkil olunmalıdır ki, bizim mütəxəssislər, istehkamçılar özləri-özlərini qoruya bilsinlər, eyni zamanda, burada ən qabaqcıl təcrübə tətbiq edilsin,” Əliyev yeni təyin etdiyi Minatəmizəmə Agentliynin İdarə Heyətinin sədri Vüqar Süleymanova tapşırıb.

Xatırladaq ki, bölgədə döyüş əməliyyatları dayandırldıqdan sonra ondan çox mülki və hərbi şəxs, o cümlədən Rusiya Müdafiə Nazirliynin bir hərbçisi mina partlaması nəticəsində həlak olub.

Azərbaycanın rəsmi qurumları tərəfindən mülki vətəndaşların döyüşlər gedən ərazilərə hərbi qurumların icazəsi olmadan getməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mina partlaması nəticəsində həlak olanların sayı artmaqdadır.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb. Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.

Döyüş gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan,Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.

Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.

“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o qeyd edib.

Ekspert Azərbaycan hökumətinin minaların təmizlənməsi üçün kömək məqsədi ilə beynəlxalq qurumlara müraciət etdiyini bildirib. Onun fikrincə, minaların təmizlənməsi illərlə davam edəcək.

Bununla yanaşı, ekspertlər münaqişə ərazisində 50 mindən 100 minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG