Accessibility links

Azərbaycan prezidenti: “Şuşa şəhəri işğaldan azad edildi”


“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində bildirib.

Bakı bu gün
please wait
Embed

No media source currently available

0:00 0:00:40 0:00

Əliyev Qarabağ münaqişəsi zamanı həlak olanların və 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Ordusunun qətlə yetirdiyi müstəqillik uğrunda mübarizə aparan Azərbaycan vətəndaşlarının dəfn olunduğu Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı deyib:

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” İlham Əliyev bəyan edib.

Bakıda Şuşanın azad edilməsi qeyd edilir
Bakıda Şuşanın azad edilməsi qeyd edilir

Ermənistan hələ Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini təsdiq etməyib.

“Şuşada döyüşlər davam edir, gözləyin və bizim orduya inanın,” Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan Facebook səhifəsində qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bir qədər öncə bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri Şuşaya yaxınlaşmağa müvəffəq olub, orada gecə-gündüz döyüşlər gedir.

“Döyüşlər Şuşinin (Şuşa) yaxınlığında və şəhərin ətrafında davam edir. Dünən biz Şuşini (Şuşa) müdafiə etdiyimizi bəyan etmişdik, lakin düşmən şəhəri ələ keçirmək üçün əlavə qüvvələr və vasitələr gətirməkdə davam edir," o qeyd etmişdi.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi döyüşlərin Karin Tak və Lisaqor kəndləri istiqamətində davam etdiyini də əlavə edib.

Gün ərzində Azərbaycan şəhər və kəndlərində Şuşanın azad edilməsi xəbəri bayram edilib.

Şuşa şəhəri haqda qısa məlumat

1992-ci il mayın 8-də gecə erməni hərbi birləşmələri Dağlıq Qarabağ bölgəsində azərbaycanlılıarın məskunlaşdığı ən böyük şəhər olan Şuşanın ələ keçirilməsi üzrə əməliyyata başlayıb. Şəhər səhər saatlarındək artilleriya atəşinə tutulub və sonra şəhərə üç tərəfdən hücum başlayıb.

Şuşa şəhərindəki Azərbaycan qüvvələri ciddi müqavimət göstərib və küçə döyüşləri mayın 9-dək davam edib. Həmin gün özünümüdafiə qüvvələri şəhəri tərk etməli olub.

Erməni qüvvələrin Şuşaya hücumu başlamazdan bir neçə saat öncə Tehranda Ermənistan və Azərbaycan prezidentləri İran başçısının vasitəçiliyi ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparırdı.

Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Şuşa şəhəri 28 il yarım işğal altında olub.

“Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir,” Əliyev deyib.

Şuşa şəhərinin təməli XVIII əsrdə Pənahəli xan İbrahimxəlil ağa oğlu Sarıcalı-Cavanşir tərəfindən qoyulub. Şəhər XIX əsrdə Rusiyaya tabe etdirilən Qarabağ xanlığının mərkəzi olub.

Rus işğalından sonra da şəhər çiçəklənmə dövrünü yaşayıb. Şuşadan xeyli sayda mədəniyyət, ədəbiyyat, siyasət xadimləri çıxıb.

Sovet dövründə bu şəhər həm də istirahət zonası kimi tanınıb.

Şəhər erməni qüvvələrinin nəzarətinə keçənə qədər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, eləcə də 300-dək tarixi, dini, mədəni abidə olub.

Rəsmi məlumatlara əsasən şəhərin süqutu zamanı 480 nəfər azərbaycanlı həlak olub, 600 nəfər yaralanıb, 22 min nəfər qaçqın düşüb. Əsir götürülən 68 nəfər haqda bu günə qədər məlumat yoxdur.

XS
SM
MD
LG