Mayın 3-də Dünyada Beynəlxalq Media Azadlığı Günü qeyd edilir. Media hüquqlarını müdafiə təşkilatlarının hər il açıqladığı hesabatlarda dünya boyunca mətbuat azadlığının səviyyəsinin azaldığı, jurnalistlərə qarşı təhlükələrin artdığı qeyd edilir.
Dünyada jurnalistlər avtoritar rejimlərin hədəfinə çevrilir, öldürülür, təhdid və təzyiqlərlə üzləşir. Bir sıra ölkələrdə isə redaksiyalar bağlanır, saytlar bloklanır.
“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, 180 ölkədən 73-də jurnalistika xeyli çətinləşib, 59 ölkədə məhdudlaşdırılıb.
Bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.
Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsədədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu isə 2014-cü ilin dekabrından bağlanıb.
Rəsmilər radiounun sənədlərini və avadanlıqlarını müsadirə edib. Müstəqil Avropa Radiosu/ Azadlıq Radiosunun 12 əməkdaşı hüquq mühafizə işçiləri tərəfindən saxlanılaraq dindirilib. Radionun əməkdaşı olmuş araşdırmaçı jurnalist Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq və digər maddələrlə həbs edilir. Daha sonra, 2016-ci ilin mayında şərti azadlığa buraxılır və ölkədən çıxışına qadağa qoyulur. 2017-ci ildə ölkənin ilk müstəqil agentliyi olan Turan İnformasiya Agentliyi bağlanır. Külli miqdarda vergidən yayınma ittihamı ilə agentliyin direktoru Mehman Əliyev həbs edilir.
Bunun ardınca Azərbaycanda bir sıra müstəqil, müxalifyönlü saytlar bloklanıb.
Saytı bloklanan media qurumları arasında Azadlıq qəzeti də var. Hansı ki, bu qəzet ölkədə müstəqillik dövrünün ilk müstəqil media qurumudur və 1989-cu ildən fəaliyyətdə olub. Artıq, qəzet 5 ildən çoxdur işıq üzü görmür.
Azadlıq qəzetinin Fransada mühacirətdə olan baş redaktoru Qənimət Zahid deyir ki, Azadlıq qəzetinin çap versiyasının olmaması və ya saytın bloklanmasına baxmayaraq, qəzetin oxucu auditoriyası var.
"Azadlıq" qəzeti ölkə daxilində bloklansa da, çap versiyası dayansa da bütün hallarda bir oxucu audiotoriyası var. Həmin oxucu audiotoriyasına biz də sədaqət göstərməliyik. Düşünürəm ki, o qədər də məhdud auditoriya deyil. "Azadlıq" qəzetinin audiotoriyası var, sayt üzərindən oxuyanlar çoxdur. Üstəlik keçid linkləri də var. Keçid linki ilə sayta daha rahat daxil olmaq olur. Saytın izləyiciləri üçün əlçatandır."
Qəzetin baş redaktorunun sözlərinə görə, "Azadlıq" qəzetinin sosial şəbəkə üzərindən fəaliyyəti əsasən xaricdə olan əməkdaşları tərəfindən qurulur.
"Əsasən xaricdə olan əməkdaşımızın əməyi ilə. Çünki ölkə daxilində sosial şəbəkəyə əməkdaşlarımızın girişini istər-istəməz məhdudlaşdırmağa məcbur olmuşuq, təhlükəsizlik səbəbindən. Xaricdəki əməkdaşlarımız bu işlə məşğuldur. Amma, ölkənin daxilində də zəruri informasiyaları göndərirlər."
Ümumiyyətlə demokratiya Azərbaycanda bərpa olunanda Azərbaycan mətbuatı yenidən yaranacaq.Qənimət Zahid
Eyni zamanda, Qənimət Zahid Azadlıq qəzetinin çap formatında işıq üzü görməsinə çalışacaqlarını deyir:
"Düşünürəm ki, Azərbaycanda demokratiyanı bərqarar edəndə kollektiv olaraq ilk işimiz "Azadlıq "qəzetinin çap versiyasını bərpa etmək olacaq. Ümumiyyətlə demokratiya Azərbaycanda bərpa olunanda Azərbaycan mətbuatı yenidən yaranacaq."
"Azadlıq" qəzetinin əməkdaşları dəfələrlə məhkəmə çəkişmələri və təzyiqlərlə üzləşib. Təzyiqə məruz qalanlardan biri də qəzetin əməkdaşı Təzəxan Mirələmlidir. O deyir ki, "Azadlıq" qəzetinin jurnalisti olaraq təzyiq və təqiblərlə üzləşib.
"Çap versiyası olanda bütün qəzet regionlara gedib çatırdı. Bizim onda əlaqə telefonlarımız var idi. Hətta həmin kontingent indi də zəng edir, yenə də bizə müraciət edir. Rayonlara çəkilişlərə çağırırlar. Amma, hal-hazırda problemi tam həll edə bilmirik. Bildiyiniz kimi mənim özümə 1 il azadlığın məhdudlaşdırılması verilib. Regionlara gedirdim, indi gedə bilmirəm. Hadisə olmuşdur 2020-ci ilin fevralında. Məhkəmə qərarları uzandı .Bu il yanvarın ayından məhkəmə qərarı qüvvəyə minib. İcra şöbəsində qeydiyyata alınıb. Hətta bir il bundan sonra da bu cəza mənim üzərimdə qalacaq, yenə məhdudiyyətlə işləməliyəm. Bakını tərk etməməliyəm."
Jurnalist təzyiqlərə baxmayaraq hələ də öz fəaliyyətini Azərbaycanda davam etdirir.
"Demokrisidə çarə tükənməz. Eləcə də bloklanma məsələsində də. Xeyli alternativ vasitələr var. Biz onundan istifadə edirik. Yəni VPN və digər üsullardan. Bundan əlavə qəzetin böyük facebook səhifəsi var. Youtube səhifəsindən istifadə edirik. Biz demək olar ki, izləyicilərimizi, oxucularımızı itirməmişik."
O deyir ki, "Azadlıq" qəzetində fəaliyyətini davam etdirmək onun üçün doğmalıq və eyni zamanda sərbəstlikdir.
"
Gördüyünüz kimi bu mənzil, bu bina, burada xoş təsadüf deyək, qanunauyğunluq deyək, "Azadlığ"ın ilk baş redaktoru Nəcəf Nəcəfov bu binada yaşayıb. Mən istərdim ki, ömrümün sonuna kimi bu binada yaşayım kirayə olsa da.Təzəxan Mirələmli
"Azadlıq" qəzeti doğmalıqdır. Həm də sərbəstlikdir. Mənim digər mətbuat orqanlarında da əlaqələrim olub. Onlarla ünsiyyətdə çox olmuşam. Demək olar ki, bütün Azərbaycan mediasında olan əksər insanlar "Azadlıq" qəzetindən çıxıb. Hətta hökümət mediasında olanlar "Azadlığ"ın bir fenomen olduğunu təsdiq edirlər. Bildiyiniz kimi mən burada, Bakıda kirayədə yaşıyıram. Gördüyünüz kimi bu mənzil, bu bina, burada xoş təsadüf deyək, qanunauyğunluq deyək, "Azadlığ"ın ilk baş redaktoru Nəcəf Nəcəfov bu binada yaşayıb. Mən istərdim ki, ömrümün sonuna kimi bu binada yaşayım kirayə olsa da, bəlkə də "Azadlıq" bu binadan başlayıb."
Artıq bir ildən çoxdur ki, mətbuat azadlığı günü yeni şəraitdə, dünyanın koronavirus pandemiyası ilə mübarizə etdiyi bir dövrdə qeyd edilir.
Beynəlxalq təşkilatlar dünya ölkələrində medianın xüsusilə də pandemiyanın işıqlandırıldığı bir şəraitdə problemlərlə, bəzən məhdudiyyətlərlə qarşılaşdığını qeyd edir. Məhz Azərbaycan da bu ölkələr sırasındadır.
Müstəqil Jurnalist Kamran Mahmudov qeyd edir ki, pandemiya şəraitində Azərbaycanda müstəqil jurnalistlər hadisələrin işıqlandırılmasında bır sıra məhdudiyyətlərlə üzləşirlər.
"Sərtləşdirilmiş karantin rejimi Azərbycanda bir neçə dəfə tətbiq olundu. Bu daha çox müstəqil jurnalistərə və eləcə də jurnalistlər üçün bir çox problem yaratdı. Qeydiyyatı olan jurnalistlər adətən rayonlara gediş-gəlişdə, obyektlərdən çəkiliş etməyə çətinlik çəkdilər. Müstəqil jurnalistlər üçün oldu. Sərtləşdirilmiş karantin rejimi dövründə evdən çıxmaq məhdudiyyəti var idi. Amma, müstəqil jurnalistlərdə bir çoxunun press-kartı olmadığı üçün ümumiyyətlə onlar üçün çətin idi."
Mənim istədiyim ondan ibarətdir ki, ölkədə süni yaradılmış bu problemlər aradan qaldırılsın. Jurnalistlər öz fəaliyyətlərini tam sərbəst həyata keçirə bilsinlər.Kamran Mahmudov
O hesab edir ki, jurnalistlərə istənilən mövzuları işıqlandırmaq üçün imkanlar yaradılmalıdır.
"Jurnalist istənilən yerdə çəkiliş aparmalı və istədiyi informasiyanı istədiyi şəxslərdən və yaxud dövlət məmurlarından almalıdır. Mənim istədiyim ondan ibarətdir ki, ölkədə süni yaradılmış bu problemlər aradan qaldırılsın. Jurnalistlər öz fəaliyyətlərini tam sərbəst həyata keçirə bilsinlər."
Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarını qərəzli olmaqda günahlandırır.