Accessibility links

Azərbaycan iki erməni əsilli şəxsi Ermənistana təhvil verdiyini bildirib


Bu gün, noyabrın 26-da Azərbaycan 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, təhvil verilən şəxslərdən biri 16 noyabr 2021-ci ildə dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan Arin Aramyandir.

Dövlət Komissiyasının məlumatna görə, Azərbaycanda olduğu müddətdə Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib.

Təhvil verilən digər şəxs, Mihran Musaelyan Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb.

Aparılan ilkin araşdırmalar nəticəsində Mihran Musaelyanın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.

Ermənistan tərəfi Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına hələ münasibət bildirməyib.

Ermənistan mediasının məlumatına görə, Azərbaycan tərəfindən təhvil verilən şəxslərin hər ikisi Dağlıq Qarabağ sakinləridir.

Erməni əsilli şəxslərin Ermənistana təhvil verilməsi bu gün, noyabrın 26-da Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsinə təsadüf edir.

Azərbaycanda və Ermənistanda saxlanılan şəxslərlə bağlı ayrıca statistika aparılmır. Müxtəlif mənbələrin yerli mediada çap olunan məlumatlarına görə, 2020-ci il noyabrın 10-dan indiyədək Azərbaycan səksəndən çox erməni əsilli şəxsi Ermənistana, Ermənistan isə 15 nəfər azərbaycan əsilli şəxsi Azərbaycana qaytarıb.

Bununla yanaşı, Azərbaycan məhkəmələrinin qərarları ilə hazırda Azərbaycanda 40-dan çox erməni əsilli şəxs həbs cəzası çəkir.

2021-ci il noyabrın 16-də iki ölkənin sərhədində baş verən lokal döyüşlərdən sonra isə erməni tərəfi 30-dan çox hərbçisinin Azərbaycan tərəfindən əsir götürüldüyünü bildirib. Azərbaycanın rəsmi mənbələri bu məlumatı hələ təsdiq etməyib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG