Accessibility links

Azərbaycan dini azadlıqlara görə İkinci Qrupa salınıb


ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF)
ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF)

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycanla bağlı 2018-ci ilə dair hesabat yayıb.

Hesabatda deyilir ki, keçən ildə Azərbaycan hökuməti ABŞ və beynəlxalq icma ilə dini və inanc azadlıqları mövzularında müzakirələr aparmaq üçün bir sıra müsbət addımlar atsa da, dini azadlıq şəraiti önəmli ölçüdə yaxşılaşmayıb. Belə ki, il ərzində yerli polis qüvvələri qeydiyyat tələblərinə və dini ədəbiyyatın hazırlanmasına, əldə olunmasına və yayılmasına qoyulmuş müxtəlif məhdudiyyətlərə riayət etməyən dini icmaları incitməyə, tutmağa, cərimələməyə və onlara qarşı reydlər keçirməkdə davam edib.

Hesabatda həmçinin qeyd edilir ki, 2018-ci ilin iyulunda Gəncənin icra hakimi başçısına qarşı sui-qəsd cəhdinə və polis əməkdaşının öldürülməsinə görə "dini radikallar" məsul hesab edilib.

"Gəncədə nə baş verdiyini tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, insan haqları fəalları siyasi müxalifləri sıxışdırmaq və İslami terrorçuluq qorxularını artırmaq üçün hökuməti müxtəlif hadisələrdən bəhanə kimi istifadə etməkdə günahlandırdılar."

Gəncədə nə baş verdiyini tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, insan haqları fəalları siyasi müxalifləri sıxışdırmaq və İslami terrorçuluq qorxularını artırmaq üçün hökuməti müxtəlif hadisələrdən bəhanə kimi istifadə etməkdə günahlandırdılar.
Hesabatdan sitat

Hesabatda həmçinin vicdan məhbusları mövzusuna da toxunulub. Qeyd edilib ki, qeyri-hökumət təşkilatları (QHT-lər) 68 vicdan məhbusu - bunlardan çoxu Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləridir - hələ də dini səbəblərlə Azərbaycanda məhbəs həyatı yaşadıqlarını bildiriblər. 2018-ci il ərzində "sistemli və əhatəli" işgəncələrin davam etdirilməsi, xüsusilə Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı belə işgəncələrin tətbiq olunması iddiaları irəli sürülüb.

Müsbət inkişafa nümunə olaraq, hesabatda dörd qeyri-müsəlman dini cəmiyyətin dövlət qeydiyyatına alınması göstərilib.

Bu şərtlər əsasında 2019-cu ildə USCIRF Beynəlxalq Dini Azadlıq Aktı (IRFA) çərçivəsində "xüsusi narahatlıq doğuran ölkə" statusunun "sistemli, mütəmadi, bərbad" standartının ən azı birinə uyğun şəkildə dini azadlığı pozmasına və ya buna göz yummasına görə yenidən Azərbaycanı 2-ci Qrupa salıb.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası hər il dünya ölkələrində dinin durumu ilə bağlı dövrü hesabatlar hazırlayır.

Azərbaycanın rəsmi qurumları hesabata hələ münasibət bildirməyib.

XS
SM
MD
LG