Accessibility links

Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi keçirilib


Dekabrın 8-də Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Biznes Keys 2019 Müsabiqəsinin final mərhələsi keçirilib. Bu il müsabiqə SOCAR-AQŞ, Azercell, BP, AzSığorta, Deloitte, EY və KPMG şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

ABŞ-ın Azərbaycandakı Səfirliyin məlumatına görə, Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsi üzrə təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Biznes Məktəbinin keysləri təqdim edilib.

Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı mövzularda təlimlər keçib. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak edib.

Bu il müsabiqədə iştiraka 7 universitetdən; ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Moskva Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 4 komanda final mərhələsinə çıxa bilib və qaliblər aşağıdakı kimi müəyyən olunub:

I yerin qalibləri Sabir Cavadov, Sabina Həsənzadə, Aleksandr Plavskiy və Nadir Məmmədli, Moskva Dövlət Universitetinin Bakı Filiali

II yer Arzu Tofiqli, Mirələm Əkbərli, Samir Məmmədov, Ayla Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri

III yer Rəşad Ağayev, Eltac Hüseynli, Elsun Rzayev, Ceyhun Fətəlov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri

IV yer Azərbaycan Nigar Vəliyeva, Cavad Əliyev, Anar Sultanzadə, Mətin Babayev, Dövlət İqtisad Universitetinin tələbələri.

Azərbaycan Biznes Keys Müsabiqəsi ölkənin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edir.

Bu il 17 illiyini qeyd edən müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlayıb.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarından istifadə edərək kömək etmək məqsədilə yaradılıb.

XS
SM
MD
LG