Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, martın 11-də Azərbaycandan göndərilən 7 şikayət üzrə qərarlarını elan edib. Bu qərarlar üzrə hökumət ərizəçilərə ümumilikdə 56 300 avro təzminat ödəyəcək.
Vüqar Əliyev və Ağamməd Məmmədov Azərbaycana qarşı işlərində AİHM hökumətin təktərəfli bəyannamə təkliflərini qəbul edib. Vüqar Əliyevə 6 000, Ağamməd Məmmədova 3800 avro təzminat ödəniləcək.
Rəvan Səbzəliyev Azərbaycana qarşı, Natiq Mirzəyev Azərbaycana qarşı, Dürnisə Əhmədova Azərbaycana qarşı işlərində tərəflər dostcasına anlaşıb. Səbzəliyevə 4500 avro, Mirzəyevə 1500 avro, Əhmədovaya 3000 avro təzminat ödəniləcək.
Rzamov və başqaları (9 nəfər) Azərbaycana qarşı işi də dostcasına anlaşma ilə başa çatıb. Hökumət ərizəçilərin hər birinə 3750 avro (cəmi 37 min 500 avro) təzminat ödəməlidir.
AİHM İmanzadə Məmmədova Azərbaycana qarşı işi üzrə icraatı ərizəçinin vəfat etməsi səbəbindən qapadılıb. “Yahova Şahidləri” dini icmasının üvzü olan ərizəçi dini etiqad, azadlıq və toxunulmazlıq, mülkiyət hüquqlarının pozulmasından şikayətçi idi.
Qeyd edək ki, siyasi fəal Vüqar Əliyev qanunsuz silah saxlamağa görə məhkum olinub. Ərizəçi ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququna müdaxilə olunduğunu iddia edib.
Ağamməd Məmmədovun şikayəti mülkiyyət hüququnun pozulması ilə bağlı idi.
Rəvan Səbzəliyev ilahiyyatçı Səid Nursinin dini məzmunlu məqalələrini evində azyaşlılara tədris etdiyi üçün həbs edilib. 10 ay həbsdə olan ərizəçi dini etiqad azadlığına müdaxilə olunduğunu iddia edib.
Natiq Mirzəyev məhkum olarkən tibbi müalicə üçün həbsxana rəhbərliyinə müraciət edib. Rəhbərliyin münasibətindən narazı qalıb, məhkəməyə verib. Mirzəyev hesab edir ki, ədalətli məhkəmə hüququ pozulub.
Xuliqanlıq cinayətinə görə məhkum edilən Dürnisə Əhmədova da məhkəmə araşdırmasının ədalətli olmadığını iddia edib.
Rzamov və başqaları (10 ərizəçi) dini toplantıların keçirilməsinə görə saxlandıqlarını, qanunsuz rəftara məruz qaldıqlarını iddia edib. Avropa məhkəməsi qarşısında azadlıq, toxunulmazlıq, dini etiqad azadlığı, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olması məsələsini qaldırıblar.