Dekabrın 14-də Azərbaycan 44 erməni hərbi əsirini Ermənistana verib. Hərbi əsirlər təyyarə ilə Bakıdan Yerevana aparılıb.
Ermənistan mediası rəsmi mənbələrə istinadən bildirir ki, hərbi əsirlər Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarılıb.
Ermənistan mediasında əsirlərin qaytarılması əks olunan videolar paylaşılıb.
Xatırladaq ki, dünən, dekabrın 14-də Ermənistan tərəfi Azərbaycan hərbi əsirlərini, o cümlədən 2014-cü ildən Qarabağda həbsdə saxlanılan iki Azərbaycan vətəndaşını qaytarıb.
Əsirlər Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanatda hərbi əsirlələrlə bağlı nəzərdə turulan “hamının-hamıya” prinsipi ilə dəyişdirilib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.
Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.
Bu arada Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlılarının müşayiəti ilə dekabrın 14-də Yerevandan Dağlıq Qarabağa 566 nəfər erməni əsilli insanlar qaytarılıb. Bununla da artıq 39 min 700-dən çox erməni Dağlıq Qarabağa daimi yaşayış yerlərinə qayıdıb.
“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edir,” Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, son günlər münaqişə zonasına daxil olan Hadrut qəsəbəsi ərazisində erməni silahlıları Azərbaycanın 4 hərbiçisini öldürüb, 1 mülki vətəndaşı yaralayıb. Bundan sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ərazidə antiterror əməliyyatı keçirib və həmin silahlıları zərərsizləşidirib.
Bununla paralel olaraq son günlər Azərbaycanın yerli mediasında və sosial şəbəkələrdə Qarabağdakı Rusiya sülməramlı qüvvələrinin ünvanına çoxsaylı tənqidlər yer almaqdadır. Ekspertlər və sosial şəbəkə iştirakçıları Rusiya sülhməramlılarının üçtərəfli bəyanatda nəzərdə tutulmayan fəaliyyətlərlə məşğul olduğu və Rusiya sülhməramlılarına etimadın az oldğu bildirilir.